2020-ci il dekabrın 26-da AzQAC-ın İdarəetmə Şurasının 2020-ci il üçün yekun iclası keçirildi. İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti, İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı Novruz Aslanov Şura üzvlərini salamladı. Prezident çıxışında baş vermiş münaqişə zamanı AzQAC-ın əməkdaşlarının və könüllülərinin fasiləsiz olaraq işlədiklərini xüsusi olaraq qeyd etdi. Öz humanitar missiyasını yerinə yetirərkən həlak olan AzQAC-ın könüllüsü Mustafayev Məhərrəmin və xəsarət alan 2 digər könüllərin fəaliyyətlərini yüksək qiymətləndirdiyini söylədi. 2020-ci il ərzində görülən işlərin müsbət nəticələrindən danışdı. Münaqişə zamanı AzQAC-ın cəbhəyanı ərazilərdə yerləşən şəhər və rayon bölmələrinin zərərçəkən mülki əhaliyə etdikləri yardımlardan danışan natiq, AzQAC-ın fövqəladə mobil könüllü dəstələrinin bu işdə yüksək peşəkarlıqla fəaliyyət göstərdikərini iclas iştirakçılarının nəzərinə çatdırdı. İstər beynəlxalq, istərsə də yerli səviyyədə təşkilatlarla olan əməkdaşlıqlardan bəhs etdi. Həmçinin, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərin əhəmiyyətindən danışdı. Sədr Qarabağ regional mərkəzi haqqında təkliflər hazırlanaraq rəhbərliyə təqdim olunmasına göstəriş verdi.
Daha sonra AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Cəmiyyətin 2021-2025-ci illər üçün Strateji İnkişaf Planının təqdimatını etdi. Təqdimatında SİP-ə daxil olan 6 məqsəd və vəzifələrdən danışdı. 2017-ci ildə yaradılmış AzQAC-ın fövqəladə mobil könüllü dəstələrinin yaradılmasından danışan icraçı katib bu dəstə üzvlərinin münaqişə dövründə də çox aktiv iştirak etdiklərini söylədi. İstər münaqişə, istərsə də COVİD-19 ilə mübarizə dövründə beynəlxalq təşkilatlar ilə əməkdaşlıqlardan danışdı. Avropa Birliyi (EU), BMT-nin uşaq fondu (Unicef), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (İFRC), Beynəlxalq Qızıl Xaç Komitəsi (İCRC) kimi təşkilatlarla qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulmasından danışdı.
İcraçı katibin müavini Səbinə Məhbubi İran təqdimatında Strateji İnkişaf Planının 4-cü məqsədi olan sağlamlıq və qayğı bölməsi haqqında ətraflı məlumat verdi. COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində görülən işlər, həyata keçirilən layihələr və aparılan maarifləndirmə işlərindən geniş bəhs etdi. Həmçinin, daxili və xarici kommunikasiyanın qurulmasının inkişaf etdirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi. Milli Cəmiyyətin beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsindən söz açan icraçı katibin müavini, Cəmiyyətin inkişafının sürətli olduğunu dedi.
Daha sonra AzQAC-ın vitse-prezidenti, İdarəetmə Şurasının sədr müavini Qafar Əsgərzadə çıxış etdi. O, AzQAC-ın prezidenti Novruz Aslanovun çıxışlarının AzQAC-ın fəaliyyətlərini gündəmə gətirdiyini söylədi. AzQAC-ın cəbhəyanı bölgələrdəki fəaliyyəti ilə bağlı öz təkliflərini bildirdi. İşğaldan azad edilmiş ərazilərdə xüsusi ilə AzQAC-ın Qarabağ regional mərkəzinin Şuşa şəhərinə köçürülməsinin məqsədə uyğun olduğunu qeyd etdi. Novruz Aslanovun təşəbbüsü ilə AzQAC-ın Gənclər Komitəsinin yaradılmadığından bəhs etdi. Patonaj tibb bacılarının olmasının vacibliyini vurğuladı. Onlar üçün kursların təşkil edilməsini təklif etdi. AzQAC-ın prezidentinin təşəbbüsü ilə münaqişə və pandemiya dövründə bir çox işlərin uğurla həyata keçirildiyini xüsusi olaraq qeyd etdi.
Sonda təklif və rəylər dinlənildi. Müvafiq qərarlar qəbul edildi. AzQAC-ın 2021-2025-ci illər üçün Strateji İnkişaf Planı İdarəetmə Şurasının yekdil qərarı ilə təsdiqləndi.