Sizin reklam burada
Sizin reklam burada

"Pomidor diplomatiyası":Rusiya Azərbaycanı nəyə çəkir? - GƏLİŞMƏ

"Pomidor diplomatiyası":Rusiya Azərbaycanı nəyə çəkir? - GƏLİŞMƏ

Azərbaycan meyvə tərəvəzinin ən böyük bazarı sayılan Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub.

Rusiyanın kənd təsərrüfatı nəzarəti orqanı olan “Rosselxoznadzor” Azərbaycandan idxal olunan adıçəkilən məhsullarda zərərli orqanizmlərin olduğunu bildirib.

Rusiya tərəfi iddia edir ki, oktyabrın 22-dən indiyə qədər Avrasiya İqtisadi Birliyi üçün karantin altında olan obyektlərdəki pomidor və almada 17 dəfə Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və şərq güvəsi (Grapholita molesta (Busck) aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan Rusiyaya ən çox pomidor ixrac edən ölkə sayılır. Hətta son illər bu göstəriciyə görə, Azərbaycan Türkiyəni belə geridə qoyub. 2019-cu ilin nəticələrinə görə, Rusiya Azərbaycandan 172,3 min ton və ya 189.1 milyon dollar dəyərində pomidor idxal edib.

İkinci yeri 93,9 min ton və ya 113,6 milyon dollar həcmində məhsulla Türkiyə tutur. Üçüncü sırada yer alan Çin isə ötən il Rusiyaya 84,1 milyon dollar dəyərində 69, 4 min ton pomidor satıb.

Rəsmi statistikaya görə, Azərbaycan 2020-ci ildə də Rusiyaya pomidor ixracında liderliyi saxlaya bilib. Cari ildə Azərbaycan Rusiyaya 153 min ton və ya 169,6 milyon dollar dəyərində pomidor tədarük edib. Türkiyə bu il də ikinci, Belarus isə üçüncü yerdə qərarlaşıb.

Rusiyaya alma ixracına görə, Azərbaycan 2019-cu ildə ilk üçlükdə yer alıb. Bu ölkəyə ən çox alma Moldovadan daxil olub. Azərbaycan ötən il Rusiyaya 88,5 min ton və ya 36,7 milyon dollar dəyərində təzə alma satıb. Bu il Azərbaycan alma tədarükündə bir qədər geriləyərək ilkin beşliyə düşüb. 2020-ci ildə Azərbaycandan Rusiyaya 34,5 min ton və ya 14,5 milyon dollarlıq alma ixrac edilib.

Bütün bu göstəricilər “Rosselxoznadzor”un qərarından sonra Azərbaycanın çox böyük bazarı itirəcəyini göstərir. Pomidor satışına qoyulan qadağa ilə yanaşı, Azərbaycanın tomat ixracında da problem yarana bilər.

Lakin bəzi siyasi müşahidəçilər Moskvanın bu addımını Azərbaycana siyasi təzyiq kimi şərh edir. Çünki Rusiyanın başqa dövlətlərin məhsullarına müxtəlif bəhanələrlə qadağa qoyması hallarına ötən illər ərzində az rast gəlinməyib. Analitiklərin rəyinə görə, Rusiya bu yolla Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmaq istəyir. Dağlıq Qarabağa sülhməramlı qüvvələrini yerləşdirdikdən regionda geosiyasi mövqeyi güclənən Rusiya üçün Azərbaycanın AİB-ə daxil olması bu üstünlüyü daha da artırmış olar. Ancaq Azərbaycanın adıçəkilən ittifaqa qoşulması Rusiya ilə münasibətlər baxımından bir sıra siyasi dividentlər gətirsə də, ciddi problemlər də yarada bilər.

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirdi ki, müasir inteqrasiya prosesləri bu cür qərarların dövlətin maraqlarına nə qədər cavab verdiyini əvvəlcədən öyrənməyi tələb edir. Onun sözlərinə görə, Rusiyanın Azərbaycandan tədarük edilən pomidora və almaya qadağa tətbiq etməsi əslində, siyasi təzyiq məqsədi daşıyır.

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi oktyabrın 17-dən bəri Rusiyaya çoxsaylı müraciət etsə də onlara cavab verilmir. Bu mümkünsüzdür. Çünki AQTA bunu açıqlayardı. Əvvəla almada şərq qurdunun olması qeyri-adi hal deyil. Ekoloji cəhətdən ən təmiz almada da qurd olur. Bunu Avrasiya standartı ilə gündəmə gətirirlər. Amma bu standartın nədən ibarət olduğunu bilmirəm. Azərbaycanda yetişdirilən bütün məhsullar ekeoloji cəhətdən təmizdir. Həmçinin Azərbaycanda istehsal olunan pomidor da təbii və əsasən sağlamdır. Çünki Azərbaycanda geni modifikasiya olunmuş pomidor istehsal olunmur. Ona görə də Azərbaycandan ixrac olunan pomidor ekoloji cəhətdən təhlükəli deyil. Amma Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmaqla bu məsələ yekunlaşmayacaq. Onun ardınca Azərbaycandan vahid iqtisadi məkana daxil olmaq, sərhədlərin birgə qorunması, hava məkanının birgə müdafiəsi, vahid gömrük zonasına üzv olmaq kimi məsələlər gündəmə gələcək. Bu qurumun başında da Rusiya dayanır. Rusiya imperiya ambisiyalarından əl çəkməyib. Azərbaycanın da yenidən əsarət altına düşməyəcəyinə heç bir zəmanət yoxdur. Yəni Azərbaycan 29 ildə daima özünün dövlət müstəqilliyini saxlamağa çalışıb. Bu səbəbdən də ciddi təzyiqlərlə üzləşib. İndi yenidən gedib o girdaba daxil olmaq uzaqgörən siyasət deyil. Ancaq pandemiya dövrü olduğu üçün itisadi cəhətdən Azərbaycana ciddi ziyan dəyəcək. Azərbaycanın ixrac potensialında pomidorun, tomatın və tərəvəzin mühüm rolu var. Ölkəmiz bundan valyuta əldə edirdi. Bunlar da iqtisadi təzyiq məqsədi daşıyır. Sonra siyasi təxribatlara əl atacaqlar. Belə təxribatlar Qarabağda, Azərbaycan-Ermənistan sərhəddində törədilə bilər. Dövlət sərhəddində demarkasiya ilə bağlı təxribatları gündəmə gətirməyə çalışacaqlar. Ona görə də maksimum ehtiyatlı olmalıyıq. 44 günlük müharibə göstərdi ki, xalq prezidentlə bir yerdədir. Bu cür əməlləri ölkənin daxilində yarada bilmədilər. Ona görə də iqtisadi təzyiqlərə əl atıblar. Lakin siyasi məqsəd daşıyır. Düşünürəm ki, bu problemi də geridə qoyacağıq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ