Sizin reklam burada
Sizin reklam burada

Rüstəm Xəlilov: Qələbəyə aparan yol

Rüstəm  Xəlilov: Qələbəyə aparan yol

Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır və əbədi dalğalanacaq!

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.
İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.
28 il erməni vandallarının işğalı altında olan Şuşanın 08.11.2020-ci ildə azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Şuşanın azadlığa qovuşması müzəffər azərbaycan ordusunun şücaəti, xalqımızın birlik ruhunun möhkəmliyi, şəhidlərimizin qanı bahasına,cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,əzmkarlığı hesabına baş verdi.
Şanlı tariximizi yazmaqla beynəlxalq aləmdə haqq səsimizə səs verməyənlərə, ədalətsizliyə göz yuman hegemon dövlətlərə xalqımızın,dövlət başçımızın qətiyyətini bir daha nümayiş etdirdik.
Mədəniyyət beşiyi olan tarixi şəhərimiz Şuşa Qafqazın konservatoriyası şöhrətini özünə qaytara biləcək,burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı Bülbül” festivalı da daxil olmaqla müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Şuşada həmçinin turizmin inkişaf potensialı var. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir.

Qarabağımızın azad olunması bu gün hər bir azərbaycanlının ruhunu təzələdi,qırılmış ümüdlərinə məlhəm oldu.Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşamızı,işğaldan azad olunmuş digər şəhər,qəsəbə və kəndlərimizi abadlaşdıracaq,bu yerlərə yeni həyat gətirəcəyik.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır. Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Rüstəm Xəlilov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

Uğura aparan yol zəhmətdən keçir. Müvəffəqiyyət heç vaxt gözlədiyimiz yerə gəlməyəcək. Bunun üçün çalışmalı, zəhmət çəkməli, ona doğru irəliləməliyik. Necə ki, bizim Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı əzmlə istədiyimiz kimi...
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İlham Əliyev də hər zaman deyirdi: “İqtisadi güc ilk növbədə ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasın”. Məhz elə bu məqsədlə də Prezidentimiz Ali Baş Komandan Cənab İlham Əliyev öncə iqtisadiyyatımızı gücləndirməyə çalışmış, ordumuzun güclənməsi üçün əlindən gələn hər şeyi etmişdir.
Azərbaycan cəmiyyətini qələbəyə kökləmək, onlara qələbə ruhunu aşılamaq, qələbə vərdişi yaratmaq cənab İlham Əliyevin daxili siyasətinin tərkib hissəsi olmuşdur. Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, qarşılıqlı hörmət və bərabərtərəfli munasibətlərin qurulması, Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transmilli layihələr Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti, etibarlı tərəfdaş, qüdrətli dövlət kimi təqdim etmişdir.
Ordu quruculuğu hər zaman ölkə prezidentinin dövlət siyasətinin əsas məsələsi olmuşdur. Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur. Azərbaycan ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır.
Bəli, əsl qələbə qazanmağın vaxtı idi. İqtisadiyyatı güclü olan, qonşularıyla yaxın münasibətlərini quran, güclü ordusunu yaradan,dünya səviyyəsində güclü ölkə kimi tanınan Azərbaycan artıq Qarabağımızı geri qaytarmaq iqtidarında idi. Əsl məqam yetişmişdi. Ali Baş Komandanımızın əmri ilə torpağımızın yetişdirdiyi cəngavər, qorxmaz igidlərimiz qorxmadan, ürkmədən döyüş meydanına atıldılar. Azərbaycan gənci bayraq üçün, torpaq üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu qəhrəmanlıqla nümayiş etdirdi.
İndi bizim üçrəngli bayrağımız Şuşada, Qarabağın bütün rayon və şəhərlərində dalğalanır. Niyə qürurlanmayaq axı!? Riyakar, satqın ikiüzlü Ermənistan dövlətinin əsl mahiyyəti üzə çıxdı. Eyni zamanda Azərbaycan dövləti öz gücünü, qüdrətini, döyüş ruhunu, qələbə əzmini dünyaya təqdim etdi.

Yusif Məhəmmədoğlu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ