Sentyabrın 25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 3 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib və həmin şəxslərə “dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə İran ərazisinə qaçıblar.
Həmin ərazidə axtarış tədbirləri keçirilib, axtarış tədbirlərinin nəticəsində kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs dörd ədəd bağlama ilə birlikdə saxlanılıb. Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kq 660 qr narkotik vasitəyə oxşar maddələr aşkar olunub.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “VAZ-2107” markalı, 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini, 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.