Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirə bilməyəcək - Çünki...

Ermənistan Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirə bilməyəcək - Çünki...

Azərbaycan torpaqlarında etnik təmizləmə aparan Ermənistan ərazilərimizdə həm də süni məskunlaşdırma həyata keçirməklə işğalı legitimləşdirməyə çalışır. Guya artıq müharibə bitib, problem öz həllini tapıb və artıq zəbt edilən yad ərazilərə lobbinin pulları hesabına Ermənistandan rahatca yollar çəkib infrastruktur qurmaq və Yaxın Şərqdən, Livandan erməni ailələrini köçürmək olar.

Əlbəttə, bu illüziyadır. Özünü aldatmaq, şirnikləndirici vədlərlə torpaqlarımıza qanunsuz şəkildə köçürülən erməniləri odun ortasına atmaqdır. Çünki nə Qarabağ müharibəsi yekunlaşıb, nə də konflikt kardinal şəkildə öz həllini tapıb. Belə qanunsuz hərəkətlər isə beynəlxalq hüquq normalarına meydan oxumaqdır.

Söz düşmüşkən, bu il iyunun 10-da Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand ilk dəfə olaraq birgə bəyanat yayaraq, rəsmi İrəvanın bu hərəkətini haqlı olaraq pisləmiş, onu ədalətli sülh prosesini tormozlamaq və işğalı rəsmiləşdirmək cəhdlərində ittiham etmişdilər. Bəyanatda həmçinin ölkəmizin ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək ifadə olunmuşdu.

Sitat: “Prinsipcə, biz ”Şərq Qonşuluğu"ndakı regional əməkdaşlığı, insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu yolun inşası haqda qərar Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolizə edir. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz vasitəçiliyin uğur qazanması üçün Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq".

Həmin birgə bəyanata qədər isə BMT başda olmaqla bütün mötəbər beynəlxalq təşkilatlar, o cümlədən AŞ PA, Avropa Birliyi (Avropa Parlamenti), Qoşulmamaq Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri Ermənistanı işğalçı kimi tanıyan qərarlar qəbul edib, İrəvanı dərhal və qeyd-şərtsiz öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxmağa çağırıb. Əfsuslar olsun ki, Rusiya kimi arxası olan təcavüzkar heç bir haqlı tələb və çağırışlara məhəl qoymur, konstruktiv danışıqları yaxına buraxmır, Bakıya qarşı absurd və heç vaxt qəbul edilməyəcək şərtlər irəli sürür. Bununla da sülhü deyil, böyük müharibəni yaxınlaşdırır. Hansı müharibə ki, ərazilərimizə köçürülən Yaxın Şərq ermənilərinə də fəlakəti vəd edir...

*****

Deyildiyi kimi, beynəlxalq ictimaiyyətin erməni işğalı ilə bağlı mövqeyi çoxdan məlumdur. Bu mövqe yuxarıda adını çəkdiyimiz və çəkmədyimiz bütün nüfuzlu təşkilatların sənədlərində öz əksini tapıb. Di gəl ki, həmin sənədləri əməldə reallaşdırmaq hələ ki mümkün olmur. Burada beynəlxalq erməni lobbisinin rolunu qeyd eləməklə yanaşı, gizli xristian təəssübkeşliyini də səbəb qismində vurğulamaq lazım gəlir. Ancaq o da var ki, ermənilər göstərdikləri bütün cəhdlərə, xərclədikləri böyük paralara rəğmən, 30 il ərzində öz strateji hədəflərinə çata bilməyiblər. Nə “miatsum” baş tutub, nə də işğal rəsmiləşib.

Bu xüsusda rusiyalı tanınmış siyasi yazar Mixayil Belyayev “Vestnik Kavkaza” portalında dərc olunmuş analitik məqaləsi obyektivlik və aktuallıq baxımından diqqətə layiqdir.

Müəllif yazır: “Erməni tərəfi indiyədək status-kvonun maksimum dərəcədə saxlanmasına çalışıb. O hesabla ki: 1. Bir neçə nəsildən sonra azərbaycanlılar torpaq itkisi ilə barışacaq və separatçı qurumun müstəqilliyini tanıyacaq, eyni zamanda, Dağlıq Qarabağa bitişik bir-iki bölgədən imtina edərək, Ermənistanın Dağlıq Qarabağla birləşməsinə ”xeyir-dua" verəcəklər; 2. Paralel surətdə erməni diasporu tərəfindən fəal təsirə məruz qalan beynəlxalq birlik münaqişənin həlli üçün erməni versiyasını əsas götürəcək - Azərbaycanı ona qarşı həyata keçirilmiş hərbi təcavüzün nəticələri ilə barışmağa məcbur etməklə. 3. Dünya ictimaiyyətinin ən azı müəyyən bir hissəsi, bir sıra nüfuzlu oyunçular, separatçı “DQR”-i Kosovo nümunəsindəki kimi müstəqil subyekt olaraq tanıyacaqlar".

Lakin analitik işğalçı tərəfin bu ümidlərinin heç birinin 30 il ərzində reallaşmadığına məxsusi diqqət çəkərək qeyd edir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında atəşkəsinin imzalanmasından keçən 26 ildə Ermənistanın qarşıya qoyduğu hədəflərin heç birinin yerinə yetirilmədiyini söyləmək olar. Birincisi, azərbaycanlılar Dağlıq Qarabağdan imtina etməyə hazırlaşmırlar - nə gənc, nə də yaşlı nəsil. Bunun əyani sübutu kimi bu ilin iyul ayında sərhəddə baş verən döyüşlər zamanı Azərbaycan Ordusuna dəstək üçün Bakıda çağırışçı yaşda olan on minlərlə vətəndaşın küçələrə çıxmasını göstərmək olar. Bir neçə gün davam edən döyüşlər zamanı 50 mindən çox könüllü qeydiyyatdan keçmək üçün çağırış məntəqələrinə üz tutdu. İkincisi, erməni diasporunun fəallığına rəğmən, dünya birliyi ötən müddətdə Qarabağ münaqişəsində İrəvanın tərəfini tutmadı. Bütün dünya Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altında olan ərazilər saymaqda davam edir. Bu xüsusda son sənəd kimi ”Avropa Parlamentinin İyun (2020) sammitindən əvvəl “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Şuraya, Avropa Komissiyasına və Komissiyanın Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarına ünvanlı qəbul edilən tövsiyələr"in 8 və 10-cu bəndləri qeyd edilə bilər.

Nəhayət, Ermənistan da daxil, dünyada heç bir ölkə “DQR”i tanımadı. Artıq “Qarabağın subyektivliyi” ideyası ciddi şəkildə tormozlanmaqdadır, Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra isə elə İrəvanın özü tərəfindən bir az da gözdən salınıb. Yəni separatçılar nəinki öz hədəflərinə yaxınlaşa bilmədilər, əksinə, bu sahədə həm də müəyyən bir geriləmə özünü göstərdi. Belə ki, bu il Almaniya ultimatum şəkildə öz ərazisində qondarma “DQR səfirlikləri”nin fəaliyyətini qadağan elədi. Gözlənilir ki, digər Avropa ölkələri də tanınmamış rejimlə bağlı məsələdə Berlindən nümunə götürəcək".

Bununla belə, yazıda işğal faktı ortada ola-ola, Ermənistana qarşı hələ də beynəlxalq səviyyədə sanksiya tətbiq olunmaması təəssüflə vurğulanır: “Azərbaycan ərazilərinin işğalı faktını tanımasına baxmayaraq, 30 il ərzində beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı hər hansı iqtisadi sanksiya tətbiq olunmayıb. Azərbaycan və Türkiyənin blokada siyasəti isə İrəvanın iqtisadi və demoqrafik potensialını zəiflətsə də, onu Dağlıq Qarabağa və bitişik ərazilərə olan iddialarından imtina etməyə vadar etmədi. Qonşu İran və Gürcüstan da sərhədi qapatsaydı, Ermənistanı effektiv şəkildə sülhə məcbur edə bilərdi, ancaq onlar blokadaya qoşulmadı, rəsmi Bakını yalnız sözlə dəstəkləməyi üstün tutdular. Erməni tərəfdə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə İrəvanın mövqeyinin maksimum sərtləşməsi müşahidə olunur.

Bu gün Azərbaycanda ən yüksək səviyyədə “hücum diplomatiyası” aparmağın zəruriliyindən danışmağa başlayıblar. Mahiyyəti belədir: Bakı real nəticəyə hesablanmamış danışıqlar aparmaq niyyətində deyil və hər hansı görüş konkret gündəm, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ətrafında olmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrləri pandemiya bəhanəsi ilə prosesdən uzaqlaşıb. Buna paralel, Ermənistan işğal olunmuş ərazilərin qanunsuz məskunlaşması yönündə daha da aktivləşib və Beyrut limanındakı partlayışdan əziyyət çəkən Livan ermənilərinin ailələrini Qarabağa köçürür.

Yuxarıda sadalananlar göz önünə olduqca narahatedici mənzərəni sərir: danışıqlar pozulub, onların davamı üçün zəruri olan təməl dağıdılıb, ictimai məkan həddindən artıq qızıb və münaqişə tərəflərindən birinin təxribat hərəkətləri ara vermir (yeri gəlmişkən, avqustun 30-da Paşinyan Dağlıq Qarabağda - döyüş mövqelərində olub). Sərhəddəki iyul döyüşlərindən sonra bölgədə yalnız münaqişə tərəflərinin intensiv hərbi təlimləri ilə pozulmuş qorxulu bir sükut hökm sürür. Günün əsas sualı da budur: uzanan bu sükutu kim pozacaq - diplomatlar, yoxsa toplar?"

*****

Şübhəsiz ki, sualın cavabı məhz işğalçı tərəfdən asılı olacaq. Dəfələrlə vurğuladığımız kimi, Ermənistan sülhü istəyəcəksə, sülhü, müharibəni seçəcəksə, müharibəni alacaq. Düşmən ölkəyə əsl fəlakət vəd edən müharibəni... //musavat.com//
0

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ