Sizin reklam burada
Sizin reklam burada

İcra başçısının birinci müavini cəzalandırıldı

İcra başçısının birinci müavini cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib.

Paytaxtın İcra Hakimiyyətinin məlumatına görə, BŞİH başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.

Aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.

Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.

Qeyd olunub ki, rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.

Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.

Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ