Bir neçə gün əvvəl Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 20 nəfər isə saxlanılıb, araşdırma aparılır”, - məlumatda deyilir.
11:05
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl koronavirusa yoluxma halları ilə əlaqədar Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxış məhdudlaşdırılıb.
Oxu.Az-ın məlumatına görə, həmin ərazidə yaşayan sakinlər tətbiq edilən karantin rejimi qaydalarına əməl etməyərək, etiraz aksiyası keçirməyə cəhd edərkən polis əməkdaşına xəsarət yetiriblər.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məhəllə Daxili işlər Nazirliyinin polis əməkdaşları və DİN-in Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır:
“Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tələbini pozaraq, etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayiş kobud şəkildə pozularaq, orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib.
Hazırda onun vəziyyəti qənaətbəxşdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır”.
Qeyd edək ki, bir neçə gün əvvəl DİN-dən saytımıza bildirilmişdi ki, Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri “Qaraçılar məhəlləsi”nin sakinləridir.