Prezident İlham Əliyev İmişlinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı Vilyam Hacıyevin əməllərindən danışıb.
Xeberleragentliyi.com xəbər verir ki, ölkə başçısı V.Hacıyevin ictimai işlərə cəlb edilmiş şəxslərin əməkhaqqını mənimsədiyini bildirib:
“İcra başçılarının iş otaqlarından, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxır. Yüzlərlə... Mənə verilən məlumata görə, son tutulan icra başçısının otağından 114 ödəmə kartı çıxıb. Nə deməkdir bu? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk, əvvəl də verirdik. İldə 30-40 min adamı çağırıb, ictimai işlərə cəlb edirdik. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırlar. Amma icra başçıları onlara çatacaq kartı götürür, pulları mənimsəyir, kasıb adamlar da işsiz və pulsuz qalırlar. Bu, adi cinayətdirmi? Yox, bu, xəyanətdir. Bu adamlarda vicdan deyilən şey yoxdur. Vicdanlarını tam itiriblər”.