Koronavirus pandemiyası kasıb, xarici maliyyədən və idxaldan güclü asılılığı olan marionet Ermənistanı içəridən daha sürətlə “yeyir”. İşğalçı ölkədən gələn xəbərlər bu yöndə qənaətləri hər gün daha da möhkəmlətməkdədir.
“Koronavirus epidemiyası ilə bağlı situasiya Ermənistanda sadəcə dəhşətlidir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri ölkənin keçmiş baş naziri Qrant Baqratyan yerli televiziyaya müsahibəsində bildirib.
“Martın 15-də hər 100 min nəfərə dünya üzrə 46, Ermənistan üzrə isə 0.4 xəstə düşürdüsə, hazırda dünya üzrə bu göstərici 46, Ermənistanda isə - 91-dir. O vaxt qonşu Gürcüstanda 35, bizdə 18 xəstə var idi. Bu gün Gürcüstanda vəziyyət bizdən 7 dəfə yaxşıdır. 10 milyon əhalisi olan Azərbaycanda da bizdən az xəstə var və vəziyyət daha yaxşıdır”, - deyə Baqratyan qeyd edib.
“Ermənistanda situasiya gərgindir və hər gün bir az da partlayış həddinə yaxınlaşır”.
Bunu isə erməni iqtisadçı ekspert Akop Köçəryan deyib. Onun sözlərinə görə, Ermənistanda əhali dolanışıq üçün pul qazanmaq imkanından məhrum olub: “Hökumətin sosial xarakterli addımları yoxdur. Üstəlik, hakimiyyətin proqramları işləmir. İnsanlar şikayət edir. Bir yandan epidemiyanın hücumu davam edir, ikinci yandan adamların sosial durumu günbəgün ağırlaşır, üçüncü yandan isə ölkə iqtisadiyyatı çökür. Epidemiya ilə səmərəsiz mübarizə nəticəsində hakimiyyət nəinki ictimai problemlərlə, həmçinin iqtisadi kollapsla üzləşib”.
Bu arada Ermənistanın antiböhran qrantı almaq üçün Avrasiya İnkişaf Bankına (Avrasiya İqtisadi Birliyinin bankı) müraciət etdiyi bəlli olub. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Varos Simonyan bildirib. Ancaq aparıcı üzvü Rusiya olan Avrasiya Birliyinin işğalçı ölkəyə maliyyə köməyi edəcəyi problematik görünür.
“Şübhəsiz, İrəvan üçün maliyyə dəstəyi olduqca vacibdir. Pul indi hamıya lazımdır, xüsusən də neft-qaz resurslarından məhrum, böyük hərbi xərclərə ehtiyacı duyan Ermənistana. Belə bir durumda istənilən maliyyə köməyi bizim üçün ciddi önəm daşıyır - o ki ola qeyri-kredit köməyi”.
Bu fikir 1 in.am saytında siyasi şərhçi Aram Amatuninin müəllifi olduğu məqalədə yer alıb.
“Hələ ki Ermənistanın hansı məbləğdə qranta ümid etdiyi bilinmir. Nazir müavini detallar haqda danışmayıb. Yalnız bunu qeyd edib ki, əsas hədəf xəstəxanaların avadanlıqlarının təzələnməsi olacaq. Ancaq Ermənistana qrant ayrılıb-ayrılmayacağı məlum deyil. Hər halda, öz üzvlərinə hətta fövqəladə vəziyyətlərdə də kömək əli uzada bilməyən bir struktur nəyə lazımdır görəsən”, - deyə müəllif sonda ümidsizcəsinə vurğulayıb.
*****
Ermənistanın iki əsas problemindən biri isə şübhəsiz ki, işğalçı ordunun maddi-texniki təchizatını minimum səviyyədə saxlamaqla Azərbaycan torpaqlarına nəzarəti davam etdirməkdir. Əlbəttə ki, pandemiyadan sonra bunu reallaşdırmaq qat-qat çətin olacaq. Çünki böyük hərbi xərcləri qarşılamaq pandemiyayadək olan dövrdən fərqli olaraq, ikiqat müşkül olmaqla yanaşı, olan-qalan maliyyə resurslarını əhalinin sosial-iqtisadi durumunu qismən də olsa böhrandan çıxarmağa yönəltmək lazım gələcək. Başqa yandan, ermənilərin böyük ümid bəslədiyi ənənəvi himayədar - Rusiya da daha əvvəlki kimi ona kömək əli uzada, əlverişli silah kreditləri, maliyyə ayıra bilməyəcək.
Bu və digər səbəbdən rusiyalı konfliktoloq Yevgeni Mixaylov haqlı olaraq hesab edir ki, qonşularla sülh və anlaşma əldə eləmək - bu gün Ermənistanın yeganə şansıdır.
Sitat: “Ermənistanın zəif iqtisadiyyatının büdcəsi Azərbaycanın qarşısını almaq imkanında ola bilməz və tamamilə aydındır ki, İrəvan özünün şovinist cəhdləri ilə tamamilə baş-başa qalacaq. Rusiya isə əksinə, regionda sülhün qarantı kimi çıxış edəcək. Güman edirəm ki, İrəvan öz sifətini saxlamaq üçün əraziləri qaytaracaq. Paşinyan başa düşməlidir ki, Ermənistan böyük Avrasiyanın bir hissəsidir və qonşularla sülh şəraitində yaşamaq lazımdır ki, sərhədlər açılsın və ölkə inkişaf edə bilsin”.
Tanınmış rusiyalı tarixçi-alim və politoloq Oleq Kuznetsov öz növbəsində hesab edir ki, Ermənistanın hərbi-siyasi vəziyyəti koronavirus pandemiyası şəraitində o qədər pisləşib ki, artıq bu ölkənin yalnız dərin böhran içində deyil, həm də humanitar fəlakətin astanasında olduğu kənardan da aydın görünür. Bu barədə o, Axar.az-a açıqlamasında bildirib. “Əhali artıq qara günə təxirə salınmış bütün ehtiyatları işlədir, sosial etirazlar başlayır və insanların yaşayış səviyyəsinin kəskin düşməsi fonunda cinayətlərin sayı artır” - analitik deyib.
Onun sözlərinə görə, belə şəraitdə Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirməkdədir: “İrəvan indi anlayır ki, Rusiya artıq işğalçı rejimi dəstəkləməyəcək və Ermənistanı sülh yolu ilə torpaqları qaytarmağa vadar edəcək. 2016-cı ilin aprel döyüşləri zamanı hamıya aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə də bərpa etməyə qadirdir. Buna görə də hazırkı şəraitdə İrəvanın vəziyyətdən yalnız bir ağıllı çıxış yolu var - ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə planını yerinə yetirmək və işğal edilmiş bütün torpaqları mərhələli şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarmaq”.
Bunu indi həm də koronovirusun erməni xalqına gətirdiyi yeni və sərt reallıqlar, özəlliklə Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə qaydaya salmaq zərurəti diktə edir...
“Yeni Müsavat”