Bu gün Azərbaycanın tanınmış şairi Elbariz Məmmədlinin 60 yaşı tamam olur. Bu altmış ilin tam qırx ili halal sözün xidmətində keçib.
Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1977-ci ildə Çaparlı kənd orta məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Bədii yaradıcılığa erkən yaşlarından başlayan Elbariz Məmmədlinin ilk şeiri ötən əsrin səksəninci illərində Şəmkir rayonunda çıxan “Ulduz” (indiki “Şəmkir”) qəzetində çap olunub. Artıq uzun illərdir ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir.
1991-ci ildən "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir.
1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb.
"Durna harayı", ”Mən savaşa çağırıram” və “Dünya iki rəngdədir”, “Bitməyən ömür karvanı” və Vasif Süleymanla birlikdə yazdığı “Məxmər yolların sirri” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Fəxri dəmiryolçu"dur.
Elbariz Məmmədlinin şerləri haqqında təkcə ölkə mətbuatında deyil, qardaş Türkiyənin mətbuat orqanlarında da fikirlər yazılıb.
DƏRDİNİ
Dünyanın o qədər qayğısı var ki,
Bilmirsən , çəkəsən hansı dərdini.
Daha günahları qanla yuyurlar,
Çoxdan unudubdu qan, su dərdini.
Min ildi bir ucdan yağmalanırıq,
Nehrə yağı təki yaxmalanırıq,
İt-qurd boğazında tıxmalanırıq,
Öldürür əzablar arzu dərdini.
Çıxıb yadımızdan, gəldiyimiz yol,
Keçib yad əllərə, öldüyümüz yol,
Hanı, özümüzün bildiyimiz yol?
Bu , Qorqud dərdimi, Bamsı dərdimi?
Qurdlar ucalıqdan örüşə düşüb,
Qartalın dəyəri quruşa düşüb,
Elə bil əcəllə görüşə düşüb,
Yığıb ətəyinə, hamısı dərdini...
BÜTÜN SEVDALARIN SONUNDA QƏM VAR
Sənin saçların da tanıdı dəni,
Sənin ürəyin də qəmi yaşadı.
Mən bunu heç, sənə arzulamazdım,
Neynim, həsrət adlı tamı yaşadın.
Gör, o illərimiz harada qalıb,
İndimi anırsan ötənləri, sən.
Onsuz payız kimi uralamışdın,
Mənim ürəyimdə bitənləri sən.
İstədim könlümdən çıxarım səni,
Bircə duyğuna da dəyəmmədim ki.
Mən səni sinəmin başında tutdum,
Sən məni şair tək bəyənmədin ki.
Mən söz adamıydım, söz yükü dərddi,
Fəqət, qurban verdim , sözümü sənə.
Bütün arzuların üstündən keçib,
Niyə həsr elədim özümü, sənə?
Elə belə olur xəyal adamı,
Həmişə saflığın önündə lalam.
Sən belə tanıya bilməzdin məni,
Bir az duyğusalam, sentimentalam.
Bəs, sən hansı qəmin girovundasan,
Dinsənə, dilindən daşmı asılıb?
Mənim ümidimin qürub yerinə,
Sənin həsrətinin adı yazılıb.
Bir də ki, həyatın sınağı sonsuz,
Hər eşqin yolunda min bir sitəm var.
Bütün sevdaların ilkində sevinc,
Bütün sevdaların sonunda qəm var.
...Tanıdı səni də, tanıdı payız,
Saçının hər dəni bir qəm yarpağı.
Sən gəl, yaşantına bir az düzən ver,
Gedirik bu ömrü üzü aşağı.
ADAMLAR
Bitdi son ümid də, bitdi,
Bitdi vicdanlı adamlar.
Kəsib bütün qapıları,
Vicdanı qanlı adamlar.
Ağıl qəhətə çəkilib,
Təpər xəlvətə çəkilib,
Başa nə vədə çəkilib,
İblis tavanlı adamlar?
Vətən ki, var, tam almadıq,
Bir niyyətdən kam almadıq.
Tamından ilham almadıq,
Ölüymüş canlı adamlar.
Doğrular düzünü satır,
Şairi sözünü satır,
Gör , kimlər özünü satır-
Kişi ünvanlı adamlar.
Dil basılıb, qutudadı,
Düşüncənin sudu dadı,
İlahı, sevgin hardadı?
Tükəndi şanlı adamlar.
SƏNDƏN UZAQDA
Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış , səndən uzaqda.
Dünyanın nə qədər qar –yağışı var,
Canıma yağırmış, səndən uzaqda.
Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış, səndən uzaqda.
Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış, səndən uzaqda.
Bilmirəm, sonuna nə qalıb ömrün,
İşınə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm,
Yetimmiş, fağırmış, səndən uzaqda.
BU QIŞ
Havası könlümcə deyil,
Ürəyimə yağır, bu qış.
Kimsə , hardasa üşüyür,
Kürəyimə yağır, bu qış.
Səngərlərdə göy uçulur,
Qarında lalə açılır.
Taleyimə don biçilir,
Gör, nəyimə yağır, bu qış.
Sərhədlər içə çəkilir,
Bir üzü köçə çəkilir,
Yolları haça çəkilir,
Əməyimə yağır , bu qış.
Ruhum yadlaşır özümə,
Bu qəm nə,”gülür” üzümə?
Çoxdandı halal duzuma-
Çörəyimə yağır, bu qış.
Elbariz Məmmədli