Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
Yenisabah.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 2-də baş tutan müşavirədə çıxış edən Müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib.
Zakir Həsənov bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi İrəvan üçün sülh danışıqları da təhlükə altına düşüb. Paşinyan uzun müddət Ermənistanı idarə edən güclü Qarabağ klanı ilə üz-üzədir. Bu klanın reavnşından ehtiyatlanan Baş nazir “Qarabağ kartı”ndan hakimiyyətini qorumaq üçün istifadə etməyə başlayıb.
Paşinyan düşünür ki, bu münaqişə ilə bağlı avantürist, sülh danışıqlarına zərbə vuran bəyanatları və davranışları ilə Qarabağ ermənilərinin rəğbətini qazanacaq və bununla da əsas rəqiblərindən gözlənilən təhlükəni minimuma endirəcək. Son günlər təmas xəttində baş verən erməni təxribatları da buna hesablanıb.
Azərbaycan hələ ki, təmkin nümayiş etdirsə də, hər an təxribatlara dekvat cavab verə bilər. 2016-cı ildə baş verən “aprel döyüşləri” buna nümunə ola bilər. Həmin döyüşlər də erməni təxribatlarına ciddi cavab idi və Ermənistan Azərbaycan Ordusunun gücünü gördü. Bu döyüşlərdə Azərbaycan Ordusu 2300 hektar ərazini erməni silahlı qüvvələrinin nəzarətindən çıxara bilib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “müdafiə naziri” də bu faktı təsdiq edib. O açıq şəkildə bəyan edib ki, Ermənistan “aprel döyüşləri”ndə məğlub olub.
Hərbi ekspertlər hesab edir ki, oxşar hal yenidən təkrarlana bilər. Hər halda Zakir Həsənovun ordunun rəhbər heyətinə döyüşə hazır olmaq əmri verməsi artıq rəsmi Bakının səbr kasasının daşdığını göstərir. Ekspertlərin fikrincə, bu dəfə Azərbaycan Ordusu daha böyük əraziləri, hətta bütövlükdə Qarabağı işğaldan azad edə bilər. Buna ciddi səbəblər də var. Ermənistan rəbərliyinin son bəyanatları İrəvanın faktiki olaraq sülh danışıqlarında səmimi olmadığını, hər vəchlə danışıqları pozmağa cəhd etdiyini göstərir.
Artıq beynəlxalq aləmdə də Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığına dair əminlik yaranmaqdadır. Belə bir situasiyada Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək hüququndan yararlanması zərurətə çevrilir.