Azərbaycanda ötən gün koronavirusa yoluxanların sayı 40, sağalanların sayı isə 50 nəfər olub.
BAKU.WS xəbər verir ki, son bir neçə gündə ölkə ərazisində COVID-19-a yoluxma sayı azalmağa doğru gedir.
Əgər yoluxma sayı aprelin 20-nə kimi azalmağa doğru gedərsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi? Bu suala cavab tapmaq üçün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudovla əlaqə saxladıq.
Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, son günlərdə sağalanların sayı ilə yoluxanların sayı arasındakı nisbətin müsbət mənada dəyişməsi bizdə bu pandemiyaya qarşı artıq nikbin fikrin formalaşması üçün fürsət yaradır: "Amma dünya təcrübəsində və ölkələrin nümunəsindən göründüyü kimi, virusun ikinci hücumları və ya ikinci piklər olmaqdadır. Bunu nəzərə alaraq biz çox ehtiyatlı davranmalıyıq. Bu gün nisbi uğur qazanmağımızın səbəbi Operativ Qərargahın vermiş olduğu qərarlara qeyri-şərtsiz şəkildə ölkə əhalisi çoxunun müsbət mənada reaksiya verməsi idi.
Aprelin 20-dən sonra karantin rejiminə eyni şəkildə davam edilməsi, karantin rejimində hansısa yüngülləşmələrin olması və ya tamamilə ləğv olunması kimi məsələlər ancaq Operativ Qərargah tərəfindən bütün aspektlərdə müzakirələr aparıldıqdan sonra verilə bilər. Bu qərara görə addım atmağımız daha doğru olar.
Mən bir daha bu müsbət gedişata görə cəmiyyətin hər bir üzvü, eləcə də Operativ Qərargah və səhiyyə işçilərini, bu yolda əziyyət çəkən bütün qurumların əməkdaşlarını təbrik etmək istəyirəm. Amma yenə bildirmək istəyirəm ki, məsələ hələ bitmiş deyil. Bu virusun ikinci pik həddinə nə vaxt keçəcəyi haqqında konkret əlimizdə məlumat olmadığına görə ehtiyatlı davranmaq məcburiyyətindəyik. Bütün analizləri apardıqdan sonra Operativ Qərargahın verəcəyi qaydalar əsasında aprelin 20-dən sonrakı addımlarımızı müəyyənləşdirəcəyik".
Orxan Hüseyn
BAKU.WS