Elektrik enerjisinin istifadəsinə görə limitin artırılmasına görə “Azərişıq” ASC-yə heç bir rəsmi məlumat daxil olmayıb.
Bunu Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib:
“Bu barədə saytlarda yazırlar. Bizə rəsmi məlumat gəlsin, biz icra strukturuyuq, hansı gündən olsa, icra etməyə hazırıq”.
“Bu barədə qərar yoxdurmu?”
ASC rəsmisi sualı Nazirlər Kabinetinə ünvanlamağımızı tövsiyə edib: “Sərəncam və ya qərar varsa, biz onu operativ şəkildə icra etməyə hazırıq”.
Qeyd edək ki, aprelin 1-də yayılan məlumatda bildirilib ki, Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır.
Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb. Beləliklə, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır.