Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyevin fövqəladə Zirvə görüşündə verdiyi mesajlar - ŞƏRH

İlham Əliyevin fövqəladə Zirvə görüşündə verdiyi mesajlar - ŞƏRH


Aprelin 11-də Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışında Türk Şurasına üzv dövlətlər arasında qardaşlıq, həmrəylik qırmızı xətt kimi keçdi.

Ölkə başçısı üzv dövlətlər arasında qarşılıqlı siyasi, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq, əlaqələndirmə və koordinasiyanın möhkəm təməllər üzərində qurulduğunun mesajını verdi.

Prezidentin Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsinə təşəbbüs göstərməsi, iclasda verdiyi bəyanatın məzmunu özündə mühüm qlobal və regional çağırışları ehtiva edir.

İlham Əliyev deyib ki, bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür.

“Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”, - deyə Prezident əlavə edib.

Dövlət başçısının Azərbaycanda koronavirus pandemiyasına qarşı görülən tədbirlər konsepsiyasının məzmunu barədə tezisləri də mühüm əhəmiyyət daşıyırdı.

Koronavirusa qarşı mübarizədə Azərbaycan modeli

Prezidentin öz çıxışında Azərbaycanda koronavirusun zərər vurduğu sahələrin müəyyən edilməsi və itkilərin minimallaşdırılması, bank sektorunda kredit faizlərində güzəştlərin edilməsi haqqında ətraflı məlumat verməsi dövlətin postpandemiya dövrünə hazırlıq səviyyəsinin göstəricisidir.

İlham Əliyev koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə 300 mindən çox muzdlu işçiyə əməkhaqqı məsələsində yardım göstəriləcəyini xatırlatdı, işsiz statusu olan şəxslərə isə birdəfəlik ödəmə veriləcəyini bir daha bəyan etdi.

Prezidentin beynəlxalq təşkilat vasitəsilə bəyanatının ana xətti onu göstərdi ki, pandemiyaya baxmayaraq, ölkədə sosial layihələrin təxirə salınmasından söhbət gedə bilməz.

İlham Əliyev Azərbaycan əhalisinin sağlamlığının qorunmasının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasının vacib olduğunu ön plana çəkdi.

Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir. Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır – bunu da Prezident toplantıda vurğulayıb.

Koronavirusla mübarizə çərçivəsində hökumətin xüsusi risk qrupuna daxil olan tibb işçilərinə diqqət göstərməsi də toplantı iştirakçılarının diqqətinə çatdırıldı.

“Həkimlərimizin və tibb işçilərimizin koronavirusa qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür”, - deyə Prezident əlavə edib.

İlham Əliyev ölkə daxilində görülən işlərlə yanaşı, Azərbaycanın ayrı-ayrı dövlətlərə yardım göstərdiyini də vurğulayıb.

Azərbaycan iqtisadi mərkəz kimi

Azərbaycanın Türk Şurasına üzv ölkələr üçün mərkəzi iqtisadi sima rolunda çıxış etməsi ölkə qarşısında ticari əlaqələrdə də çağırışlar qoyur.

Bu mənada, koronavirus infeksiyasının sürətlə yayılmasına baxmayaraq, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşıb.

İlham Əliyev bu sahədən də danışaraq, qeyd edib ki, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb.

“Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 40 min ton çoxdur”, - deyə Prezident söyləyib.

İlham Əliyevin Zirvə görüşünün tribunasından bütün sahələri əhatə edən çıxışını bir cümlə ilə ifadə etsək deyə bilərik: Azərbaycan hökuməti bütün növ problemlərə qarşı özünün iqtisadi resurslarını işə salmaq, mövcud ehtiyatlarını səfərbər etmək gücündədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ