Sizin reklam burada
Sizin reklam burada

Distant təhsil və imtahanlar: bu iş necə olacaq? - GƏLİŞMƏ

Distant təhsil və imtahanlar: bu iş necə olacaq? - GƏLİŞMƏ

Türkiyənin Təhsil naziri Ziya Səlcuk Türkiyədə distant təhsillə tədris olunan yeni mövzuların imtahan suallarına daxil olunmayacağını bildirib.

O vurğulayıb ki, imtahana məktəblər açıq olduqda öyrədilən mövzular daxil ediləcək.

Azərbaycanda da martın 11-dən başlanılaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi Youtube kanalı ilə yanaşı, Facebook səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.

Ancaq etiraf etmək lazımdır ki, teledərslər normal keçirilən dərslərin yerini vermir. Uşaqların qavrama qabiliyyəti fərqli olduğu üçün bu dərslərin mənimsənilməsində müəyyən çətinliklər yaranır.

Bəs Azərbaycanda necə, uzaqdan keçilən dərslərlə bağlı suallar imtahanlara salına bilərmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, hazırda olan vəziyyət teledərslər və distant dərslərin gündəmə gəlməsini diktə edir. Belə bir şəraitdə Təhsil Nazirliyinin təşkil etdiyi teledərslər təqdirəlayiqdir.

"Teledərslər ənənəvi məktəb dərslərini əvəz edə bilməsə də, müsbət qarşılanmalı bir addımdır. Təsadüfi də deyil ki, valideynlər tərəfindən də, şagirdlər tərəfindən də bu məsələyə münasibət müsbətdir. O ki qaldı məsafədən təhsilin digər forması - distant təhsil, bizim orta məktəblər üçün hələ əlçatan deyil. Amma ali təhsil mərkəzlərində bir neçəsi artıq distant təhsilə başlayıb. Məsələn, biz UNEC-də distant təhsil prosesini izlədik. UNEC-in bu təcrübəsi ilə bağlı müsbət fikrimiz formalaşdı. Artıq UFAZ-da da belə dərslərin başlanılmasına start verilib.

Ancaq bizim ali təhsil müəssisələrimizin hamısı buna hazır deyil. Bu gün dünyada ali təhsil müəssisələrində distant təhsilin trendləşməsi prosesi müşahidə edilsə də, təəssüf ki, bizim müəssisələrdə illərlə heç bir iş görülməyib. Biz təhsil müəssisələrini yeniliklərdən geri qalması ilə bağlı tənqid edirdik. Elə bir vəziyyət gəldi ki, bizim dediklərimizdən biri öz təsdiqini tapdı".
Ekspertin fikrincə, bu bir daha sübut etdi ki, Azərbaycanın ali təhsil müəssisələri dünyadakı yeniliklərdən geridə qalıb.

Orta təhsil müəssisələrində də distant təhsil formasının tətbiq edilmədiyini vurğulayan İ.Orucov bildirib ki, Türkiyədə orta məktəblər distant təhsil formasına keçirilib: "O ki qaldı ali təhsil müəssisələrində distant təhsillə bağlı sualların imtahanlara salınması prosesinə, hesab edirəm ki, ali təhsil müəssisələri üçün bu, problem olmayacaq. Çünki biz izlədiyimiz dərslərdə gördük ki, tələbələrin bu təhsilə böyük marağı var.

Teledərslərə gəldikdə isə, hesab edirəm ki, bu məsələ barədə düşünmək lazımdır. Bilirsiniz ki, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindəın keçirilir. DİM sualları tərtib edərkən vəziyyəti nəzərə almalıdır. Çünki uşaqlarda və ailələrdə psixoloji gərginlik var. Dünyada gedən proseslər bütün insanların psixikasına təsir göstərir. Sağlamlıq barədə düşünməklə psixoloji gərginlik əmələ gəlir. İnanmıram ki, bizim uşaqlar bu barədə fikirləşməsinlər. Uşaqlara da təsir göstərir".

İ.Orucov vurğulayıb ki, teledərslərlə uşaqlara ənənəvi dərslər səviyyəsində bilik verilmir.

"Şagirdlərin böyük bir hissəsi imtahanlara hazırlaşan zaman repetitor xidmətindən istifadə edirdi. Bunlar dayandırılıb. Uşaqlar təhsildən xeyli uzaq düşüblər. Bu kimi hallar, mütləq şəkildə fikirləşirəm ki, təhsil alanların biliklərinin qiymətləndirilməsi prosesi, yəni imtahanda nəzərə alınmalıdır. Hesab edirəm ki, bununla bağlı aidiyyəti qurumlar bizim təhsil alanların lehinə qərar qəbul edəcəklər".
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır.

"Belə ki, hal-hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz. Amma baş verən fövqəladə hadisə onu göstərdi ki, biz əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik ki, buna da ən uyğunu onlayn, internet resurslarından təhsildir. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramları hər hansı bir təhsil təşkilatında qeydə alınmayan kəslərə də təhsil imkanı təmin edir.

Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. O, uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur. Peyk, video, audioqrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə təhsil uzaqdakı şagirdlərə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu".

K.Əsədov vurğulayıb ki, indiki vaxtda kolleclər, universitetlər, kiçik, ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr "online" təhsilə böyük önəm verirlər. Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparılır.

"Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən – videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən – laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır", - deyən Əsədov əlavə edib ki, bu qədər müsbət tərəfləri olmasına baxmayaraq ölkəmizdə bunun mexanizmi işlənib hazırlanmayıb. Belə ki, hal-hazırda ölkəmizdə faəliyyət göstərən 4447 orta məktəbin bu resursu yoxdur və o qədər məktəbdə çalışan 150 min müəllimimiz bu texniki imkanları idarə etmək səriştəsinə malik deyil.

"Düşünürəm ki, qısa müddətdə elektron dərs metodlarının tətbiqinə geniş şəkildə başlamaq lazımdır. Əgər uşaqların və tələbələrin itirdikləri dərs müddətinin hansısa formada kompensasiya edilməsini istəyiriksə, qısa müddətdə altenativ təhsil alma metodlarını tətbiq etməliyik.
Bir məqamı da qeyd edim ki, tətil elan edildi və 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagird üçün gündəlik ardıcıl dərs axını pozuldu. Bu boşluğu aradan qaldırmaq üçün Təhsil Nazirliyi bir neçə maraqlı və faydalı addım atıb. Mədəniyyət TV-də yayımlanan teledərslər uşaqlarda maraq yaradır. Təhsil Nazirliyinin bu addımı təqdirəlayiqdir. Bu, məktəbdən və təhsildən uzaqlaşmış uşaqlar üçün məktəbdə keçirilən dərsləri tam əvəz etməsə də, onlara yol göstərəcək. Sadəcə, valideyn nəzarəti vacibdir", - deyə K.Əsədov qeyd edib.

Onun fikrincə, sual-cavab hissəsi də canlı yayımda əlavə olunsa, daha effektiv olar: "Daha bir məqamı qeyd etmək istəyirəm ki, hələ ki izlədiyim dərslər arasında bir dənə də olsun, informatika fənnindən təhsil alanlar üçün dərs keçirilməyib. Ümid edirəm ki, bu nəzərə alınmayıbsa, növbəti günlərdə nəzərə alınacaq. Bütün hallarda təhsilin əlçatımlılığının təmin olunması üçün atılmış bu addımı müsbət və faydalı hesab edirəm".

K.Əsədovun sözlərinə görə, dərslərin təxirə salınması aprel ayında DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının l mərhələsinin/11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının təxirə salınması ilə bağlı fikirlərin səslənməsinə haqlı olaraq səbəb olur: "Bununla bağlı bəzi vacib məqamları qeyd edim. Birincisi, aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda - mart ayının 20-nə, tətilə görə isə aprelin 20-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalıdır.

İkincisi, kurikulumun tələbinə görə, şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır və həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməz. Nəzərə alsaq ki, şagirdlər imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə deyil, həmin bilik və bacarıqlara repetitor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman imtahan nəticələrinə ciddi təsiri olacağını düşünmürəm. Əsas odur ki, qeyd etdiyim dərslər, məşğələlər öz axarında davam edir".

Qeyd edək ki, teledərslərə Novruz bayramı ilə əlaqədar martın 19-dan fasilə verilib. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq. Həmçinin bayramdan sonra peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər yayımlanacaq.

Dövlət İmtahan Mərkəzinin martın 16-da yaydığı məlumata görə isə, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları, aprelin 19-da rezidenturaya qəbul imtahanı təxirə salınıb, 16 mart – 14 aprel tarixlərində planlaşdırılan ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun vaxtı isə dəyişdirilib.

Qeyd olunan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ