Sizin reklam burada
Sizin reklam burada

"Qәzet oxumaq müsәlmanlara haramdır" – Ziyalılarımızdan maraqlı YANAŞMALAR

"Qәzet oxumaq müsәlmanlara haramdır" – Ziyalılarımızdan maraqlı YANAŞMALAR
"Qәzet oxuyan müsәlman bütün alәmin әhval vә övzaından xәbәrdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisә vә vaqiәlәri bilir. Ona görә, "qәzet oxumaq müsәlmanlara haramdır".

Üzeyir bəy Hacıbəyli “Qəzet oxuyan” adlı felyetonunda belə yazırdı. O adam ki, dövrünün ən öndə gedən mətbu orqanlarındakı maarifləndirici yazıları ilə xalqını qəflət yuxusundan oyatmaq istəyir, elmə, təhsilə səsləyirdi.


Tarixində “Molla Nəsrəddin” kimi jurnal, “Əkinçi”, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal" və s. kimi qəzetlər olan xalq nə üçün indi qəzetdən belə üz döndərir? Min illər boyu “oxumağa ac” olan xalq indi bütün imkanlar olduğu halda, nəşrlərdən niyə bu qədər uzaq düşüb?

Cəmiyyət olaraq bu kimi bir çox suallar var ki, illərdi onlara cavab axtarırıq. Elə bu səbəbdən, “BakuPost”un “Cavab səndə” adlı sorğu rubrikasının növbəti mövzusunu qəzetlərə həsr edirik.

Sual:

- Qəzetlərimiz müasir çap mediası standartlarına cavab verirmi?
- Oxunaqlı qəzet necə olur?
- Hansı qəzeti oxuyursunuz?

Lent.az xəbər portalının baş redaktoru, Əməkdar jurnalist Qabil Abbasoğlu qəzet oxumadığını bildirdi:

“Təəssüf ki, həm texnologiya, həm də fəaliyyət mühitinin standartları baxımından Azərbaycanda çap mediası dünyada qəbul olunmuş ümumi media standatlarına cavab verə bilmir. Nəşriyyatlarımızın texniki imkanları zəifdir. Qəzet yayımı infrastrukturu dağıdılmış vəziyyətdədir. Bu kimi səbəblərdən dolayı oxucu potensialı internet mediaya transfer olub. Bu da qəzetçilik üçün ağır durum yaradıb.
"Qәzet oxumaq müsәlmanlara haramdır" – Ziyalılarımızdan maraqlı YANAŞMALAR

Oxunaqlı qəzet, təbii ki, həm vizual, həm də məzmun baxımından cəmiyyətin tələbatını və zövqünü təmin etməlidir. Xüsusilə indi - onlayn medianın geniş yayıldığı bir vaxtda qəzetlər operativ xəbərçilikdən daha çox, eksklüziv xəbərçiliyə qaçmalıdır. Həmçinin orijinal redaksiya materiallarına, reportaj və müsahibələrə, analitik materiallara üstünlük verilsə, qəzet daha oxunaqlı olar.

Yəqin, ilk iki suala cavabımdan da anlaşılır ki, bu meyarlarda qəzet hazırda bazarda olmadığı üçün demək olar, qəzet oxumuram. Əlbəttə, istisnalar həmişə var - məxsusi materialı axtarıramsa, o qəzeti oxumalı oluram. Başqa tərəfdən, indi Azərbaycanda qəzetlərin demək olar ki, hamısının internet versiyası fəaliyyət göstərir və o məzmunu internet üzürindən də əldə etmək mümkündür”.

Qaynarinfo.az xəbər portalının baş redaktoru, şair Zahir Əzəmət də çap mediasının acınacaqlı durumunda olduğunu düşünür. Dediyinə görə, qəzet qoxusu üçün darıxır:


“Bu gün Azərbaycanda dərc olunan qəzetlər bir çox aspektdən müasir tələblərə cavab vermir. Birincisi, qəzetlər, ümumilikdə isə mətbuat, təəssüf ki, yetərincə azad deyil. Bu olmayanda isə istənilən media axsaq vəziyyətdə olacaq. İkincisi, çap keyfiyyəti çox aşağıdır. Hətta kasıb Ermənistanda qəzetlər çoxdan rəngli formatda çap olunur. Biz isə bu sahədə geri qalmışıq.
"Qәzet oxumaq müsәlmanlara haramdır" – Ziyalılarımızdan maraqlı YANAŞMALAR

Qəzetin böyük büdcəsi, müasir texniki bazası, güclü kollektivi olmalıdır. Bununla yanaşı, mütləq ölkədə yayım şəbəkəsi günün tələblərinə uyğun yenidən qurulmalıdır. Ölkənin hər yerində qəzetlər əlçatan olmalıdır. Təəssüf ki, indi belə deyil. Barmaqla sayılacaq qədər qəzet köşkü qalıb, onlar da artıq ticarət köşklərinə çevrilib. Əl yayımı da yenidən təşkil olunmalıdır. Reklam bazarı da monopoliyadan çıxmalı, inkişaf etməlidir. Bütün bunlar hamısı birlikdə mətbuat bazarı formalaşdıran faktorlardır. Yalnız yaxşı qəzet buraxmaq yetərli deyil, onun ayaqda dura bilməsini və oxucuya çatmasını da təmin eləmək lazımdır.

Təəssüf ki, bu gün qəzet oxumuram. Səbəblərini də ümüumi olaraq, yuxarıda qeyd etdim. Amma yaxşı, maraqlı qəzet üçün, qəzetin qoxusu üçün darıxdığımı da əlavə edim”.

Azərbaycanlı yazıçı, şair Aqşin Yeniseyin fikrincə, qəzetlərimiz daha çox cəmiyyətimizin mühafizəkar təbəqəsinin əlində olduğu üçün yeniliklərə açıq deyil:

“Sosial medianın inkişafı hər bir fərdi xəbər mənbəyinə və ötürücüsünə çevirib. İndi dünyanın hər yerində qəzetlərin “ölümündən” danışırlar. Kağız mediası elektron mediaya sürət baxımından uduzur. Qəzetlər özlərini yaşatmaq üçün fərqli və özəl xəbər mənbələri əldə edə bilməsələr, bu “ölüm” gec-tez reallaşacaq. Çünki indi xəbərin sürəti ən vacib media şərtidir. Media orqanlarının ömrü isə bir neçə dəqiqənin də deyil, bəzən bir neçə saniyənin əlində olur. Ola bilər ki, qəzetlər məzmunlarını dəyişib, xəbərə deyil, nəsə başqa mövzualara müraciət edəcəklər. İndi vəziyyət budur ki, qəzetlərimizin özünü də hamı internetdən oxuyur. Oxucu kütləsi əldə etmək istəyən hər bir qəzet ilk növbədə elektron variantına əl gəzdirir.

Hazırda yaşadığım Türkiyədə də qəzetlərin tirajı xeyli azalıb və qəzet oxucuları demək olar ki, yaşlı nəsildir. Bu da maraqdan çox, illərin vərdişi ilə bağlıdır. Qəzetlərimiz daha çox cəmiyyətimizin mühafizəkar təbəqəsinin əlində olduğu üçün yeniliklərə açıq deyil. Bu da onların dinamikliyini zədələyir. Cəmiyyətin “diri” təbəqəsi, demək olar ki, qəzet oxumur. Çünki qəzetlərdə onları maraqlandıran heç nə yoxdur. Estetik baxımdam isə biz bu məsələdə bütün sahələrdə dünyadan həmişə geridə olmuşuq və bundan sonra da bu belə davam edəcək. Çünki milli şüurumuza modern elementlər daxil olmayıb. İstəsək belə estet ola bilmərik. Həm qəzetçi, həm oxucu kimi.
https://www.bakupost.az/uploads/images/2020-02-14-16-33-21JBA8GTDps8Ff6Y1IMj03_file.jpg
Məncə, oxunaqlı qəzet artıq xəbər mühitindən uzaqlaşıb, mədəniyyətin bir növünə çevrilməlidir. Yəni roman kimi, film kimi öz mövzuları üzərində inşa olunmalıdır. Məsələn, mən 16 səhifəlik bir qəzeti maraqlı bir hekayə kimi oxuyacağımı bilsəm, ona pul xərcləyərəm. Demək istədiyim odur ki, qəzet yaradıcılığın digər sahələri ilə sintezə can atmalıdır. Özünü xəbər faktı kimi deyil, mədəniyyət faktı kimi təsdiqləməlidir. Məncə, bu, onu gələcəyə sağ çıxara bilər.

Türkiyədə yaşadığım üçün son illər daha çox yerli medianı canlı oxumaq imkanım olur. “Sözçü”, “Cümhuriyət” qəzetlərini oxuyuram. Azərbaycan mediasından isə “Şərq”in elektron versiyasını “vərəqləyirəm”.

Jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü Varis Yolçuyev də o fikirdədir ki, bu gün çap mediası rəqabətdə uduzur:

“Bu gün elektron medianın kağızdan üstünlüyü bütün dünyada qəbul edilir. Lakin bizdə qəzetlər tam olaraq gözdən düşüb, oxunmur, köşklərdə qalıb saralır. Səbəb isə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə ayaqlaşa bilməməsidir. Çünki bu gün portallar xəbərləri operativ olaraq yeniləyir. Qəzetlərdə isə xəbər bu gün yığılırsa, ən yaxşı halda sabah çap olunur. Ona görə də, informasiya baxımından çap mediası internet mediasına uduzur.
"Qәzet oxumaq müsәlmanlara haramdır" – Ziyalılarımızdan maraqlı YANAŞMALAR

Bu səbəbdən, qəzetlər ənənəvi qəzetçilik çərçivəsindən çıxıb müasir, modern qəzetçilik çərçivəsinə keçməlidirlər. Tələbatı ödəməyi bacarmalıdırlar. Buna görə də daha çox analitik, həyati bilgilər verən, maarifçilik funksiyaları daşıyan materiallar verilməlidir. Bu gün qəzetlərimiz daha çox kriminal, şou-biznes xəbərlərini verirlər. Bununla da elə bilirlər ki, tələbatı ödəyirlər. Ancaq bu formada tərtib olunan qəzet oxunaqlı ola bilməz.

Mən sadəcə ədəbiyyatla bağlı qəzetləri alıram. “Ədəbiyyat” qəzetini, “525-ci Qəzet”in şənbə buraxılışlarını, ədəbi jurnalları oxuyuram. Bunlardan başqa, məni tam təmin edən elə bir mətbu orqan yoxdur ki, onun tələbatçısına çevrilim, alım, oxuyum”.

Axar.az xəbər portalının baş redaktoru Anar Niftəliyev qəzetlərin sayının çox və əksəriyyətinin lazımsız olduğunu bildirdi:

“Mən özüm də çap mediasının nümayəndəsi olmuşam. Qəzetlə bağlı xüsusi həssaslığım var. Amma belə hesab edirəm ki, onu gözəl və nostalji hiss olaraq xatirəmizə köçürməyin vaxtı çatıbdır. Tam səmimi deyirəm ki, onlayn medianın indiki inkişaf səviyyəsində çap mediasının yerini görmürəm. Məncə, çap mediası artıq öz dövrünü başa vurub. Əlbəttə, ölkənin rəsmi informasiyalarının arxivləşdirilməsi üçün mütləq şəkildə bir neçə çap məhsulunun olmasının tərəfdarıyam. Bunlar Nazirlər Kabinetinin, Prezident Aparatının orqanı olaraq, ümumilikdə analitik yazıların toplandığı hər hansı bir çap məhsulu olmalıdır. Bu braşur da ola bilər, qəzet də. İndi qəzet həddən artıq çoxdur. Bunların böyük əksəriyyəti isə bizə lazım deyil və oxunmurlar.
"Qәzet oxumaq müsәlmanlara haramdır" – Ziyalılarımızdan maraqlı YANAŞMALAR

İnsanlara köhnə xəbərlər lazım deyil. Hər kəsin onlayn formada xəbərlərə çıxış imkanı var. Onlayn xəbərlər isə çox sürətlə yenilənir. Hətta hadisə baş verən anda oxucuya çatdırılır. İndi onlayn media televiziyaları da bir neçə dəfə qabaqlayır. Belə olduqda mən niyə dünənki xəbəri bu gün qəzetdən əldə etməliyəm? Xəbəri anında oxumağa vərdiş edən adam qəzetdən necə faydalana bilər ki?”

Afaq Rza
BAKUPOST

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ