Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi başlayır

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi başlayır

Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzi yaradılacaq. Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin bununla bağlı imzaladıqları niyyət protokolu ilə ölkəmizlə Forum arasında əlaqələrin yeni səhifəsinin başlanğıcı qoyulub.

AZƏRTAC xəbər verir ki, çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Prezident İlham Əliyev niyyət protokolunun imzalanmasını Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb.

Protokolun əhəmiyyətini vurğulayan Borge Brende deyib: “Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq 14-cü dəfədir Davosda bu Forumun illik toplantısında iştirak edir.

Dövlətimizin başçısı Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində bildirib ki, bu Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, Azərbaycana islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2006-2007-ci illərdə 137 ölkə arasında tutduğu 64-cü yerdən 2017-2018-ci illərdə 29 pillə irəliləyərək 35-ci yerə yüksəlib. Hesabata əsasən, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada ikinci yerdə, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə üçüncü, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə beşinci yerlərdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” və “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə ilk onluqda qərarlaşıb.

Ötən il Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu Razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev builki Davos Forumu çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə 20-dən çox görüş keçirib, “Strateji baxış: Avrasiya” mövzusuna həsr olunmuş panel iclasında iştirak edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ