Sizin reklam burada
Sizin reklam burada

Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Gürcüstanın paytaxtı Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, Tbilisidə yerləşən Tbilisi Milli Gənclər Sarayı (Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin elan edildiyi bina – red.) keçirilən tədbirdə Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və səfirliyin digər əməkdaşları, Gürcüstan parlamentinin deputatları, Tbilisidə fəaliyyət göstərən müxtəlif diplomatik korpusların nümayəndələri, o cümlədən Ukrayna, İran, Qırğızıstan və Türkiyənin Gürcüstandakı səfirləri, iş adamları və yerli icma nümayəndələri, həmçinin din xadimləri iştirak edib.

"Gürcüstandan altı 20 Yanvar şəhidimiz var. Onlardan 5-i Azərbaycanın Şəhidlər Xiyabanında, biri isə Bolnisi Rayonunun Faxralı kəndində dəfn edilib. Gürcüstanda 9 Aprel hadisələrində, Azərbaycanda 20 Yanvar hadisələrində şəhid olanların xatirəsi heç vaxt unudulmayacaq. Gürcüstan və Azərbaycan arasında minilliklərin dostluğu var. Xalqlarımız dost və qardaşdır və bizim aramızda münaqişələr heç vaxt olmayıb və olmayacaqdır. Gürcüstan Azərbaycanın 1 nömrəli strateji tərəfdaşıdır. Azərbaycan enerji və digər layihələrin həyata keçirilməsində Gürcüstanı əsas regional tərəfdaş seçib və bu seçim bu günə kimi dəyişməz qalıb. Hazırda Prezident İlham Əliyevin fəaliyyəti ilə bu sahədə irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi layihələr bu sahədə əməkdaşlığımıza nümunə ola bilər", - deyə səfir bildirib.

Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia gürcü və Azərbaycan xalqlarının dost və qardaş olduğunu qeyd edib: "Sovet qoşunları tərəfindən hər iki ölkədə törədilən cinayətlər daim insanların yaddaşında yaşadılacaq. Bugünkü gündə sizinlə birlikdə 20 Yanvar hadisələrini anmaq mənim üçün böyük şərəfdir. 30 il öncə Sovet qoşunları bir daha çalışdı ki, ölkənin müstəqilliyinə son verilsin. Bu, böyük faciə idi. Bildiyimiz kimi, ondan bir il öncə də bənzər zorakılıqlar Gürcüstanda baş vermişdi. Düşünürəm ki, bütün bu cinayətlər Sovet İttifaqının sonunun başlanmasının göstərirdi. Gürcüstan və Azərbaycan xalqları və dövlətləri dost və qardaşdır. Bu binada hər iki ölkənin müstəqilliyi elan edilib. 20 Yanvar və 9 Aprel hadisələri gələcək nəsillərə örnəkdir, azadlıq və müstəqilliyin qanla əldə edildiyini, onu qorumağın lazım olduğunu bir daha göstərir".

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotosərgi və video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən artıq bir neçə gündür ki, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin anılması məqsədi ilə azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Bolnisi, Qardabani, Marneuli, Telavi rayonlarında da ardıcıl anım tədbirləri təşkil edilib.//Apa.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ