Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan sülhə hazırdır, ancaq güc variantı da daim masa üzərində saxlanılır - GƏLİŞMƏ

Azərbaycan sülhə hazırdır, ancaq güc variantı da daim masa üzərində saxlanılır - GƏLİŞMƏ

Qarabağ danışıqlarına 2020-ci ildə hansı görüşlə start veriləcəyi hələlik bəlli deyil. Çox güman ki, danışıqlar yenə Azərbaycan və Ermənistan xarici işlər naziri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüşlə başlayacaq. XİN rəhbərləri arasında sonuncu təmas ötən ilin dekabrında, Bratislavada, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə reallaşıb. Lakin 3 saat çəkən həmin görüşdə tərəflər hər hansı razılıq əldə edə bilməyib. Bütövlükdə rəsmi İrəvanın maksimalist mövqeyi səbəbindən 2019-cu ildə kövrək sülh imkanları əldən verilmiş olub.

2020-ci ilin sülh imkanlarına gəlincə, təəssüf ki, bu il işğalçı tərəf sülh danışıqlarını bir az da tormozlayacaq növbəti təxribatçı hərəkətə hazırlaşır. Söhbət işğal altındakı Dağlıq Qarabağda planlaşdırılan növbəti qondarma “prezident seçkiləri”ndən gedir. Aydın məsələdir ki, separatçı qurumu dünyada ikinci erməni “dövləti” kimi tanıtmağa hesablanan budəfəki üzdəniraq seçkilərin legitimliyi də heç bir ölkə, o cümlədən Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən tanınmayacaq. Sadə məntiqlə: ona görə ki, Dağlıq Qarabağın yekun statusu müəyyən edilməyib. Bu status yalnız danışıqların son mərhələsində, o da müstəsna olaraq, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində dəqiqləşəcək.

Başqa yandan, təməl insan haqlarına əsasən, etnik təmizləmə aparılmış bir ərazidə hər hansı azad və ədalətli seçkidən danışmaq absurddur. Məsələ də ondadır ki, Dağlıq Qarabağın köklü azərbaycanlı əhalisi öz doğma yurd yerlərinə qayıtmayınca orada heç bir legitim qurumdan və idarəçilikdən söhbət getməyəcək. Bu, separatçıların özünü aldatmasından və vaxt itkisindən başqa bir şey deyil.

Məhz mərhələli həll planı əsasında azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtması ilə bölgənin yekun statusunun müəyyən edilməsi xeyli dərəcədə yaxınlaşmış olacaq. Yalnız ondan sonra keçirilən yerli seçkilərin Azərbaycan, eləcə də beynəlxalq birlik tərəfindən legitimliyinin tanına biləcəyindən danışmaq mümkün olacaq. Sözsüz ki, söhbət Azərbaycan qanunları əsasında reallaşacaq seçkilərdən gedir.

Beləliklə, mərhələli həll Qarabağ düyününü savaşsız aşmağın tək yolu olaraq qalır. Başqa hər hansı yol, variant nizamlama prosesini labüd olaraq dalana, bölgəni isə yeni müharibəyə aparır. Əlbəttə ki, bu müharibə ən böyük fəlakəti işğalçı Ermənistana vəd edir. Səbəblər barədə zaman-zaman yazmışıq. İrəvan bu gerçəyi nə qədər tez dərk edib işğal altındakı seçki tamaşalarına, özünü aldanışa son qoysa, bir o qədər erməni xalqı üçün yaxşı olar. Əks halda, işğalçı qüvvələri Azərbaycan ordusunun cəza əməliyyatları gözləyir.

*****

“Azərbaycan ordusunun sərəncamındakı silahlar qələbəni tam təmin edə bilər”. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən həftəsonu Mərkəzi Komanda Məntəqəsində onun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə deyib.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Nazir döyüş hazırlığını təmin edən müxtəlif ixtisaslı hərbi qulluqçuların peşəkar hazırlığının keyfiyyətli təşkili məqsədilə müvafiq təlim-maddi bazanın təkmilləşdirilməsi, bu kateqoriyadan olanlarla mütəmadi toplantıların keçirilməsi, qoşunların davamlı və dayanıqlı idarə olunmasının vəziyyətini müəyyən etmək üçün hərbi hissələrdə qəfil yoxlamaların əmr və direktivlərə uyğun aparılmasını, eləcə də şəxsi heyətin təlim-tərbiyəsinin, nizam-intizamının daim nəzarətdə saxlanılmasını tələb edib.

Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən hərb naziri Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini qeyd edən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.

Müdafiə naziri həmçinin qış mövsümü ilə əlaqədar əsgər yataqxanaları və digər obyektlərin qızdırılmasının təmin olunması, hərbi qulluqçular, o cümlədən gənc əsgərlərin daim tibbi nəzarətdə saxlanılması məqsədilə profilaktiki tədbirlərin görülməsi və şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlərin istifadəyə verildiyini, bu işlərin cari ildə də davam etdiriləcəyini nəzərə çatdıran müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən 2021-ci il də daxil olmaqla Azərbaycan ordusunun bütün infrastrukturunun yenilənməsi prosesinin tam başa çatdırılacağını bildirib.

*****

Sözsüz ki, müharibəyə hazır olan silahlı qüvvələrimiz öz döyüş qabiliyyətini daha da artırmaq üçün bu il də hərbi təlimləri davam etdirəcək. Həmçinin qardaş Türkiyə ilə ortaq hərbi manevrlərin 2020-ci ildə də davam edəcəyinə şübhə yoxdur. Bu, sadəcə, iki qardaş ölkənin birgə hərbi manevrləri deyil. Ən əvvəl, Türkiyə-Azərbaycan siyasi-hərbi müttəfiqliyinin sarsılmazılığının düşmənlərimizə, dünyaya əyani nümayişidir. İşğalçıya aydın bir ismarışdır ki, atəşkəs rejiminin süni şəkildə uzadılması ilk növbədə onun özünə ziyandır. Ən əsası, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Qarabağla bağlı ədalətsiz sülhün önündə, ölkəmizə təslimçi sülh sazişini sırımaq cəhdləri önündə ən böyük əngəldir.

Bütün hallarda rəsmi Bakı sülhə hazırdır. Belə olmasaydı, Azərbaycan nəticəsizliyə rəğmən, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda iştirak eləməzdi. Ancaq Bakı güc variantını da masa üzərində saxlayır ki, bunu da İrəvanda yaxşı bilir və zaman-zaman etiraf edirlər.

Məsələn, erməni hərbi ekspert Vitali Manqasaryan hesab edir ki, qoşunların təmas xəttində Azərbaycan ordusu Ermənistan ordusu üzərində bir çox mövqe üstünlüklərinə malikdir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, yerli mediaya açıqlamasında deyib.

“Onlar (Azərbaycan hərbçiləri - red.) vaxtaşırı mövqe üstünlükləri qazanmağa çalışırlar və buna nail ola bilirlər”, - deyə o qeyd edib. Manqasaryan Azərbaycan tərəfinin bütün təmas xətti boyu, o cümlədən Naxçıvanda strateji əhəmiyyətli bir sıra mühüm mühəndis işləri gördüyünü bildirib.

“Hazırda Azərbaycan ordusu Ararat-Areni-Gorus avtomagistral yolu nəzarətdə saxlayır - hansı ki, Ermənistan üçün strateji vacib yollardandır. Hərbi əməliyyatların bərpa edilməsi variantında düşmən bu marşrut üzrə hərəkətə mane olmağa çalışacaq, çünki əla bilir ki, bu yolla hərbi texnika və s. daşınacaq”, - deyə erməni ekspert narahatlıqla vurğulayıb.

2016-cı ildəki “4 günlük” aprel müharibəsi mövzusuna toxunan Manqasaryan qeyd edib ki, hazırda xüsusi komissiya cəmiyyətdə geniş müzakirə olunan bu məsələni araşdırır: “2016-cı ilin aprel müharibəsi zamanı erməni əsgərlərinin yeməyə heç nəyi yox idi. Patronları, silahı yox idi. Onlar ot yeyirdilər...”

Bununla belə, o, Ermənistan silahlı qüvvələrində qida çatışmazlığı mövzusunun dərinliyinə getməyib. Ancaq Manqasaryan buna getsə də, getməsə də, işğalçı ordudakı vəziyyət, orada hökm sürən başıpozuqluq haqda Azərbaycanda yaxşı məlumatlıdırlar...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ