Sizin reklam burada
Sizin reklam burada

2020-ci ildə neftin qiyməti necə olacaq? - TƏHLİL

2020-ci ildə neftin qiyməti necə olacaq? - TƏHLİL

Yeni onilliyin başlanğıcı sayılan 2020-ci il ərzində də neftin dünya bazar qiymətləri əvvəlki kimi ölkəmiz üçün diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri, daha dəqiq desəm, birincisi olaraq qalmaqda davam edəcək. Yəni, ölkə iqtisadiyyatına xarici təsirlərin olub-olmayacağı, makroiqtisadi vəziyyətin möhkəmliyi buna bağlı olacaq. Bu, təkcə Azərbaycan üçün deyil, gəlirləri xam neft satışından asılı olan bütün ölkələr üçün xarakterik haldır.



Bəs neftin qiyməti bu il ərzində ən çox hansı səviyyədə olacaq? Hər hansı sürprizlər baş verəcəkmi və yaxud baş verə bilərmi?



Məlumdur ki, artıq uzun müddətdir, dünya bazarlarında bu sahədə vəziyyət stabildir. Belə ki, 2016-cı ilin ikinci yarısından etibarən OPEC+ ölkələrinin hasilatı azalmaq haqda təşəbbüslərindən sonra ABŞ-ın qiymətləri aşağı salmaq istəyi tədricən uğursuzluğa məruz qaldı. Və bazarlarda qiymətlərin diqtə yolu ilə idarəolunması dayandı.



Neft hasilatçısı olan ölkələr əslində bununla sübut etdilər ki, maraqlarını qorumaq naminə lazım gələrsə birgə addım atmaq iqtidarında və imkanındadırlar. Xüsusən də, sözügedən ölkələrin başında duran Səudiyyə Ərəbistanı əyani olaraq göstərdi ki, ABŞ ilə nə qədər yaxın müttəfiq olsa da neftin qiyməti məsələsində öz marağını tam olaraq qurban vermək mövqeyində deyil.



Sözün qısası, 60 ABŞ dolları bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsidir. Və bayaq qeyd etdiyimə uyğun olaraq OPEC+ ölkələrinin hasilatı azalmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər məhz bu rəqəm ətrafında toxtamışdır. Belə ki, bu və ya digər siyasi hadisə və proseslərin nəticəsində qiymətlər arada 60 dollardan aşağıya və yuxarıya doğru hərəkət etsə də əslində, bundan heç bir halda çox uzağa getməyib.



Sözüm bunda deyil. Ümumiyyətlə, neftin qiyməti siyasi hadisə və proseslərə həssas xarakter daşıyır. Bu daima belə olub və belə qalmaqda da davam edəcək. Əslində, dünyada baş verən bir çox siyasi hadisə və proseslər də, elə məhz neftlə əlaqədardır. Xüsusən də, Yaxın Şərq regionunda...



İranla bağlı son günlər adıçəkilən regionda vəziyyətin daha da dramatikləşməsi ilə əlaqədar sözügedən sahədə bahalaşma da bunu bir daha sübut etdi. Belə ki, hələ heç bir hərbi toqquşma baş vermədiyi halda neftin qiyməti 70 dollara yaxın təşkil etdi. İndi təsəvvür edək ki, əgər, regionda hərbi əməliyyatlar da başlasaydı, vəziyyət necə olacaqdı.



Yəni, neftin qiyməti 100 dolları belə vurub-keçəcəkdi.



Lakin regionda hərbi toqquşma baş verəcəyi real deyil. Bununla belə, söhbət neftin qiymətindən gedərsə, bəli, qiymətlər bu ilin ən azı birinci yarısı ərzində 60 dollardan yuxarıda təşkil edəcək. Yox, əgər təkrar edirəm, hərbi toqquşma da baş verərsə, belə ki, ən azı qısa müddət ərzində də olsa ABŞ İranı bombalamağa başlayarsa (hərçənd, real deyil), neft 100 dollaradək qalxa bilər.



Amma müvəqqəti olaraq...



Məsələ isə bundadır ki, bu cür ssenari bu və ya digər neft ölkəsi üçün lap sərfəli sayılsa da, arzuolunan deyil. Çünki bunun ümumən, digər tərəfdən neqativ təsirlər də yaradacağı təcrübədə az sübuta yetməyib. Belə ki, neftin yüksək qiyməti uzunmüddətli olaraq heç bir ölkəyə xeyir gətirməyib və gətirə də bilməz. Odur ki, qiymətlər sabit qalsa yaxşıdır.



Ancaq...



Dünyada neftlə bağlı bir neçə amil var ki, bazarlarda qiymətləri həm yüksəldə, həm də ucuzlaşdıra bilər. Söhbət həm ortamüddətli, həm də uzunmüddətli perespektivdən gedir.



Bunlardan birincisi odur ki, nefti ucuzlaşmağa sövq edən ABŞ-dakı şist sənayesi və bu sahədə fəaliyyət göstərən şirkətlər borc altında batıb gedirlər. Bir ara ucuz kredit və istiqraz vəsaitləri hesabına fəaliyyətlərini durmadan genişləndirən həmin şist sənayesi və ona aid qurumlar indi həmin vəsaitləri geri ödəmək vaxtının yetişməsi ilə üz-üzə qalıblar. Pul isə yoxdur. Odur ki, 2015-ci ildən bəri 200-dən çox şirkət müflis olduğunu bəyan edib. Təkcə, bu il 41 milyard dollar vəsait qaytarılmalıdır.



İkincisi, dünyada bu il ərzində elektromobil istehsalı sahəsində böyük inqilab yaşanacağı gözlənilir. Belə ki, xeyli sayda yeni modellər təqdim ediləcək ki, təkliflər sərfəli xarakter daşıyacaq, eyni zamanda maraq artacaq. Bu arada dünya avtomobil sənayesində isə tənəzzül hökm sürməkdədir. Yəni, elektromobil istehsalında irəliləyiş sözügedən fonda neftin qiymətinə ən azı psixoloji təzyiq yarada bilər.



Üçüncü amil isə ondan ibarətdir ki, iqlim dəyişikliyi - temperaturun yüksəlməsi, 2019-cu ilin Yer kürəsində ən isti il olması və buna görə baş verən təbii fəlakətlər, 2020-ci ilə qədəm qoyan kimi Avstraliyada meşə yanğınları və sair kimi hadisələr, neft-qaz sənayesini böyük basqı ilə qarşılaşdırır. Belə ki, qeyd olunan sahəni və onu maliyyələşdirənləri üz-üzə qoyur. Bu isə o deməkdir ki, investisiyalar azalacaq.



Dördüncüsü isə təklifin real olaraq da tələbi üstələməsi faktdır. Hələ yuxarıda qeyd etdim ki, 2016-cı ilin ikinci yarısından etibarən OPEC+ ölkələrinin hasilatı azalmaq haqda təşəbbüslərindən sonra ABŞ-ın qiymətləri aşağı salmaq istəyi uğursuzluğa məruz qaldı. Paralel olaraq isə bərpaolunan enerji mənbələri vüsətlə inkişaf edir. Yola saldığımız 2019-cu il ərzində ABŞ başda olmaqla demək olar, bütün inkişaf etmiş ölkələr bu sahədə heç bir ildə olmadığı qədər böyük irəliləyiş əldə edib. Və bu il sözügedən tendensiyanın daha da böyük vüsət alacağı gözlənilir.



Sonda yenə geosiyasi amil üzərinə gəlirəm ki, bura daxildir, ABŞ ilə İran arasında münasibətlər, Liviyada vətəndaş müharibəsi və Venesuela daxilində və xaricində hadisələrin necə inkişaf edəcəyi məsələləri ki, bunlar çox şeyə təsir edəcək. Çünki təkrar edirəm, neftin qiyməti siyasi hadisə və proseslərə olduqca həssasdır.



Ölkəmizə gəldikdə isə bizim üçün neftin dünya bazar qiymətləri artıq uzun müddətdir, əlverişli səviyyədə olmaqla 60 dollar xarakter daşıyır. 60 dollar ətrafı Azərbaycanı qane edir və bu, əslində, təkrar edirəm ki, bütün neft hasilatçısı olan ölkələrə də sərfəlidir. Keçən il dövlət büdcəmizdə qiyməti 60 dollar səviyyəsində götürmüşdük ki, bu il 55 dollar... Hökumət özü üçün riski artırmayıb, əksinə azaldıb.



Odur ki, yeni qədəm qoyduğumuz bu il ərzində, başqa sözlə desəm, 2020-ci ərzində neftin qiyməti sarıdan Azərbaycanımızı istənilən halda heç bir təhlükə gözləmir.

Bu dəqiqdir... //oxu.az//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ