Türkiyə ordusu hərbçilərinin 35 nəfərdən ibarət ilk qrupu artıq Liviyadadır.
Yanvarın 2-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi təsdiqləyib. Söhbət ötən il noyabrın 27-də Türkiyə hökuməti ilə Liviyada Fəyyaz Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti arasında imzalanmış iki razılaşmadan gedir.
Bu sənədlərdən biri “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, ikincisi isə Liviyaya hərbi qüvvə göndərilməsini nəzərdə tutan “Təhlükəsizlik və hərbi əməkdaşlıq” memorandumudur.
Türkiyə parlamentinin qərarından cəmi beş gün sonra isə ilk ordu birləşməsi artıq Trablusa çatmışdı. Amma buna qədər də Türkiyə kəşfiyyatı Liviyada fəaliyyət göstərib.
Ötən həftə Ankarada Milli Kəşfiyyat Təşkilatının (MİT) yeni binasının açılışında iştirak edən Prezident Ərdoğan açılış çıxışında deyib ki, “təşkilatımız Liviyada üzərinə düşən vəzifəsni layiqincə yerinə yetirir”.
Ankaranın rəqibləri isə artıq bir neçə ildir ki, Türkiyənin Liviyada hərbi əməliyyatlarda iştirak etdiyini iddia edir. Bu iddianın nə qədər real olduğunu sübut etmək çətin olsa da, Türkiyənin bu səhra ölkəsində davam edən müharibədə iştirakını zəruri edən ciddi faktorlar mövcuddur.
Yeri gəlmişkən, Misir, eləcə də, Yunanıstan və bir sıra Avropa ölkələri Türkiyənin Liviyaya əsgər göndərməklə bağlı qərarını tənqid edib. Həmçinin yerli müxalifət. Müxalifətin arqumenti isə çox sadədir: Türk əsgəri Liviyada şəhid olmasın, bu ölkənin daxili işinə qarışmaq Ankaranın regiondakı nüfuzuna zərbə vura bilər və sair. İlk baxışdan haqlı və əsaslandırılmış arqumentlərdir. Amma bu iradları irəli sürənlər bir sıra faktorları nəzərə almır, ya da almaq istəmirlər.
Qəzzafinin mirası əvvəlcə Liviyadakı vəziyyəti xatırlayaq. 1969-dan 2011-ci ilə qədər Qəzzafinin idarə etdiyi 6,5 milyon əhalisi olan və 2011-ci ildə gündəlik iki milyon barel neft ixrac edən Liviya “səhra cənnəti” hesab olunurdu. Ancaq 2011-ci ildə qonşu Tunisdə başlayan inqilabların dalğasında Liviyada da Qəzzafiyə qarşı etirazlar başladı və tezliklə bu etirazlar vətəndaş müharibəsi, martda isə NATO-nun bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələndi.
Qəzzafi cəmisi yeddi ay tab gətirə bildi, 2011-ci ilin oktyabrında NATO aviasiyasının bombardmanında yaralanan Qəzzafi onu ələ keçirən üsyançılar tərəfindən linç edildi. 42 illik Qəzzafi hakimiyyəti devrildi. Bundan sonra hadisələr sürətlə cərəyan etdi, 2012-ci ildə artıq seçkilər keçirildi və yeni hökumət quruldu. Ancaq bu vəziyyət cəmi iki il davam etdi, 2014-cü ildə Liviya iki hissəyə bölündü.
Ölkənin qərb hissəsində paytaxt Tripoli də daxil olmaqla 10 faizdən az hissəsində Fəyyaz Saracın rəhbərlik etdiyi Milli Razılıq (Uzlaşma) Hökuməti nəzarət edir. BMT, o cümlədən bir sıra Avropa və dünya ölkələri Sərrac hökumətini rəsmən tanıyır. Türkiyə və Qətər isə hərtərəfli dəstəkləyir.
Liviyanın şərqinə, həmçinin cənubuna nəzarət edən Abdullah Sininin rəhbərlik etdiyi Təmsilçilər Məclisi hökuməti isə Benqazi də daxil olmaqla şərq sahili şəhərlərinə (Dərnə istisna olmaqla – K.R.) nəzarət edir. Bu hökuməti Qərb ölkələri, ABŞ, bəzi Avropa dövlətləri, o cümlədən, Misir, BƏƏ və Səudiyyə Ərəbistanı dəstəkləyir. Hazırda Təmsilçilər Məclisi hökuməti ərazilərində əsas söz sahibi Liviya Milli Ordusu adlı qurum və onun lideri general Xəlifə Həftərdir.
1949-cu il təvəllüdlü Həftər Rusiyada hərbi təhsil alıb, Liviya ordusunda xidmət edib. 1980-ci illərdə Çadla münaqişə zamanı əsir düşüb və daha sonra ABŞ-a köçüb. Həftər inqilabdan sonra Liviyaya qayıdıb və öz ordusunu yaradıb.
Həftərin Avropa ölkələri, eləcə də ABŞ və Rusiya ilə yaxın əlaqələri var. Misir, BƏƏ kimi ölkələr isə Həftərin ordusunu dəstəkləyir. 2019-cu ilin aprelində Həftər Liviyanın qərbinə Razılaşma Hökumətinə qarşı hərbi əməliyyatlara başlayıb. Həftərin Trablusu ələ keçirmək əməliyyatı uğurlu nəticələnməsə də, artıq Sirtə kimi bir neçə iri şəhərləri ələ keçirə bilib.
Türkiyə Liviyadan nə istəyir?
Liviya, daha doğrusu, hazırkı Liviyanın əraziləri, əyalətlər şəklində fasilələrlə bir neçə yüz il Osmanlı İmperiyasının nəzarətində olub. 1911-ci ildə İtaliya hazırkı Liviyanın iki əsas əyalətindən biri olan Trablusu işğal edəndə hazırkı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bir qrup zabitlə birlikdə müqavimət təşkil edib.
XX əsrdə Liviya və Türkiyə arasında isti münasibətlər mövcud olub. Kipr hərbi aksiyası zamanı Türkiyəyə qarşı sanksiyalara baxmayaraq, Liviya Ankaranı dəstəkləyib, hərbi və neft yayrdımı edib. 2000-ci illərin əvvəllərində isə Türkiyə-Liviya münasibətləri daha da inkişaf edib və Liviyada başladılan infrastruktur, mənzil inşaatı kimi sahələrdə yeddi milyard dollardan çox dəyəri olan 120-dən çox layihə alıb. Ancaq “ərəb baharı” və Liviyadakı vətəndaş müharibəsindən sonra bu layihələr dayanıb.
Türkiyə hazırda bölünmüş Liviyada leqal Sərrac hökumətini dəstəkləməklə bir tərəfdən siyasi-ideoloji olaraq müttəfiq qüvvənin Liviyada hakimiyyətini qoruyub saxlamaq, digər tərəfdən bölgədə güclü oyunçu kimi varlığını göstərməyə çalışır.
Liviyanın Türkiyə üçün ikinci əhəmiyyətli tərəfi bu ölkənin Aralıq dənizi sahilində yerləşməsidir. Noyabrda F.Sərrac hökuməti ilə imzalanan anlaşma son bir neçə ildir ciddi regional rəqabət mövzusuna çevrilən Aralıq dənizinin şərq hissəsindəki zəngin neft və qaz yataqlarına sahiblənmək uğurunda mübarizədə həlledici əhəmiyyət daşıyır. Çünki bu anlaşma ilə Ankara faktiki olaraq Misir və Yunanıstan hökumətlərinin Türkiyəni kənarda qoymaqla Aralıq dənizində enerji ehtiyatlarını istismar etmək və Avropaya qaz xətti çəkilməsini nəzərdə tutan layihəni neytrallaşdırmış olur. Çünki Türkiyə və Liviyanın Aralıq dənizindəki sahil suları və təsir əraziləri faktiki olaraq Yunanıstanla İsrail arasındakı dəniz sərhədini bölür.
Bu mənada, Türkiyənin Liviya hökumətini qorumaq cəhdinin arxasında həm də Aralıq dənizindəki güc mübarizəsi dayanır. Nəhayət, Türkiyə Liviyada təsir mexanizminə sahib olmaqla faktiki olaraq nüfuzunu və gücünü artırmış olur.
Xatırladaq ki, Türkiyə artıq özünə, daxili problemlərinə qapılıb qalan ölkə olmaqdan çıxaraq regional aktyora çevrilib. Suriyada 2016-cı ildən sonra taktiki gediş edərək Rusiya ilə yaxınlaşan Türkiyə beynəlxalq koalisiyanın bir hissəsi kimi deyil, müstəqil güc kimi çıxış etməyə başlayıb.
Türkiyə ötən dörd ildə Suriyada üç hərbi əməliyyat (“Fırat Kalkanı”, “Zeytin Dalı” və “Barış Pınarı”) keçirməklə bu ölkədə mövqelərini gücləndirib. Kürd təhlükəsini sıradan çıxarıb və Suriyada qərar verən bir neçə ölkədən birinə çevrilib. İndi isə Ankara faktiki olaraq Şimali Afrikada daha bir ölkədə nüfuz sahibi və həlledici gücə çevrilə bilər.
F.Sərrac hökumətinin qorunub saxlanılması Türkiyənin Liviya münaqişəsinin sonrakı mərhələsində bu ölkədə siyasi təsir gücünə sahib olması, zəngin enerji ehtiyatlarına malik ölkədə pay alması mənasına gəlir. Bu mənada Ankaranın Liviya cəhdləri gələcəyə hesablanmış strateji gedişdir.
Türkiyə rəhbərliyi anlayır ki, indi nüfuzu daha geniş coğrafiyaya yaymaqla regionda təsir dairəsini genişləndirə, güclü regional aktyora çevrilə bilər. Bu isə heç də asan başa gələn və itkisiz keçinmək mümkün olmayan işdir. Böyük siyasət isə hər zaman böyük risk və qurban tələb edir.