Sizin reklam burada
Sizin reklam burada

Bakının mərkəzində “Ay Allah!”, “Oh my God!”, “Qospodi!” yalvarışları – AXI NİYƏ?!

Bakının mərkəzində “Ay Allah!”, “Oh my God!”, “Qospodi!” yalvarışları – AXI NİYƏ?!


Ailəmə söz verdim ki, bir daha bayram vaxtları mərkəzə getmək qurtardı



Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.



Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”



Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.



AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.



Bayram tətili başa çatdı. Yeni ilə birtəhər gəldik çıxdıq: gələcəyə böyük ümidlərlə bayram edən də oladu, “yeni ildə çörəyi necə qazanacam” sualı ilə yaşayanlar da. Amma builki bayramın digər özəlliklərindən biri o oldu ki, bayram günləri Bakının mərkəzi küçələrində həmişəkindən çox adam vardı. Necə deyərlər, iynə atsan, yerə düşməzdi. Hər şeydə bir yaxşılıq axtarışına girən saytlarımız və agentliklərimiz isə bu möhtəşəmliyi daha da şişirdərək, əhalinin az qala kef elədiyini, hətta xarici qonaqların belə, Yeni ili yalnız Bakıda keçirmək arzusu ilə buraya gəlməsi barədə yekə-yekə məqalələr yazdı.



Təbii ki, Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabineti yanında Dənizkənarı Milli Parkın rəhbərliyi də bu bəytəriflərində canfəşanlıq edirdi. Telekanllarımız Yeni il gecəsi və ondan bir neçə gün sonra da bir Con tapıb, onun neçə ildir Bakı həsrəti ilə yaşadığından, sevdiyi Ceniferlə məhz bura gəlmək arzusunda olduğundan sujetlər yayımladı.



Amma mən bütün bu bəytəriflərinə o qədər də inanmıram. Bəri başdan deyim ki, “dövlətçiliyin uğurlarını gözü götürməyənlərdən” deyiləm. Ən azı, yaxın çevrəm bilir ki, bu dövlətin yaxşısına sevininb, pisinə kədərlənmiş, amma bu pislərdən necə qurtulmağın da özüm bildiyim yollarını təklif etmişəm. Onda mən bu bayramı niyə bəyənmədim? Axı niyə?!



Təbii ki, yaxşını görmək lazımdır, amm neqativləri də sonradan düzəlməsi üçün demək şərtilə. Mən bu bayramı ona görə bəyənmədim ki:



Komfort



Yanvarın birində ailəmlə birgə Fəvvarələr meydanında keçirilən “Soyuq əllər – isti ürəklər” adlı yarmarkaya üz tutdum. Maşını saxlamaq üçün ətrafda bir dənə də pullu və ya pulsuz yer olmadığı üçün, bir xeyli tıxacda əsəbləşəndən sonra, gedəcəyim ünvandan 2 kilometr aralıda bir yer tapdım. Təsəvvür edin ki, “İçərişəhər” metrostasniyasından “Torqovı”ya gələnə qədər bir addımı belə, düz-əməəli ata bilmədik. Adam o qədər çox idi ki, yolboyu ya Həsənlə Yasəmənə, ya Əl Müslümlə Hənifəyə, ya da İvanla Nataşaya dəymədən gedə bilmirdik.



Eyni minvalla gəldik yarmarkaya və heç qapıdan içəri girə bilmədik. Elə içəri girənlər də min bir əziyyət və sevgiylə düzəldilən əşyalara baxa bilmir, tez-tez keçib, yaxşı halda qovrulmuş şabalıdla, pop-korn alıb çıxırdılar. Kor-peşman yolumuzu dəyişib ketdik Tarix Muzeyi tərəfə. Hesab etdim ki, bu sıxlıqda şabalıd yeməkdənsə, uşaqlara ölkəmin tarixi ilə bağlı hansısa bilgilər verilməsi daha üstün olar. Amma çifayda. Bu qədər qonağı olan paytaxtın Tarix Muzeyi işləmirdi. Təmirdə idi...



Dənizkənarı “loxotron”



Eyni sıxlıqla gəldik bulvara. Yenə də conlara, həsənlərə və ivanlara dəyə-dəyə heç bir attraksiona yaxın gedə bilmədik. Dedik, nolar, bayramdır, qoy şəhərin qonaqları şellənsin. Biz yerliyik, sonra gələrik. Oturaq, bir çay içək, nəfəsimizi dərək. Ay içdik haaa!



Yox, insafən, bulvardakı kafe və çayçılarda yerlər vardı, amma... Bulvar İdarəsi Nazirlər Kabinetinə tabedir. Mən bilmirəm, bu göstərişi bulvardakı obyekt yiyələrinə kim verib, amma vallah, bizim qiymətlər Moskva və Parisdən geri qalmır. Hansı kafeyə yaxınlaşıb, sadə, mürəbbəli çay istədik, lap bu da 10 manat eləsin, dedilər, mümkün deyil, “25 manatdan başlayan çay dəstgahı götürməilisiniz”.



Ay qardaş, mən sənin o dəstgahındakı vaxtı keçmiş keks, qurumuş paxlavalarını, quru meyvələrini, çərəzlərini yemirəm axı! Məni niyə məcbur edirsən ki, “yeməlisən”? Satıcılar bir ucdan dedilər ki, müdriyyət qoyub bu qiymətləri. Mən də bayram günü, suyum süzülə-süzülə öz şəhərimdə nə bir istəkan çay içə bildim, nə də sərgiyə baxa... Və gəldik metroya ki, maşınımıza ən yaxın stansiyada düşək...



“İldırımlı sahillərlə”



“Sahil” metrostansiyasının qarşısındakı növbə sovetlər dövrünün ən sevimli filmlərindən olan “İşdə məhəbbət macərası”ndakı qarpız növbəsini xatırladırdı. Qapıdan içəri girmək, kartına pul yükləmək və eskalatora minmək ailəli adamlardan əməlli-başlı qəhrəmanlıq tələb edirdi. Sıxlıqda ürəyi darıxan uşaqların çığırtısı, özünü qəzetlə yelləyən qadınların naləsi, deyinən kişilərin harayı, bir sözlə “Sahil”də həmin gün “Ya Allah!” sədaları “Oh my God!”, “Qospodi!” çağırışlarına qarışmışdı.



Metronun mühafizəçiləri isə adam sıxlığından heç kimi yoxlamırdılar. İstənilən adam cibində, çantasında nəsə keçirib, metroda aləmi qata bilərdi. Amma çox şükür ki, bu bayram günlərində qurban olduğum metrodan gələn duaları eşitmişdi. Gəldik çıxıdıq “İçərişəhər” metrosuna və maşınımıza. Ailəmə də söz verdim ki, daha bayram vaxtları mərkəzə getmək qurtardı. Axı bayramda biz ora istirahətə gedirik, hansısa “Mübariz şahinlər” hərbi-vətənpərvərlik oyunlarında iştirak etməyə yox.



Gəl, ay turist



Bütün bu sərgüzəştlərdən sonra Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə düşdü yadıma. Hər bayramda çıxır efirə və qardaş Anqoladan ölkəmizə gələn turist axınından, onlara yaranan şəraitdən danışmağa başlayır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ