Sizin reklam burada
Sizin reklam burada

ELDAR YUNUSOV: "KONSTİTUSİYAMIZ DÖVLƏTİMİZİN MİLLİ SƏRVƏTİDİR"

ELDAR YUNUSOV:  "KONSTİTUSİYAMIZ DÖVLƏTİMİZİN MİLLİ SƏRVƏTİDİR"



ÜMUMMİLLİ LİDER BUNUNLA XALQIMIZA BİTİB-TÜKƏNMƏZ XƏZİNƏ ƏRMƏĞAN ETDİ

12 noyabr Azərbaycanda Konstitusiya günüdür. Düz 15 il öncə, yəni 1995-ci il noyabr ayının 12-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Ana Yasası olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildi. Həmin günü ölkədə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edirik. Qeyd edək ki, Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, eləcə də, 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəridir. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib. Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu.

Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirdi. Eyni zamanda, bu Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsini, 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən bir sənəddir. Bütün bunlarla yanaşı, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar və demokratikləşmə yolu keçib. Yeni Konstitutsiyanın tələblərinə uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub. Ana Yasada təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş və Azərbaycan nəinki, MDB, hətta Şərq aləmində bu tarixi qərarı qəbul edən ilk dövlətdir. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar. 1998-ci il iyunun 18-də isə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açdı. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda, 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi. Həmin il avqustun 8-də isə dövlət başçısı konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı tarixi bir qərara imza atdı- ölkədə senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də isə Konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarından daha birinə əməl olundu-Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə yerli özünüidarə institutu fəaliyyətə başladı. Nəhayət, 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birliyinin sırasında özünəlayiq yer tutduğunu sübut etdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiya hazırlanaraq, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyuldu.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının xalqımızın müstəqillik tarixində oynadığı roldan bəhs edərkən demişdir: "1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".

Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Ən əsası isə Konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib çatmasını təmin etmişdir.

Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə də, iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir.

XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə axtarıb tapmaq lazımdır. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri ölkədə hüquqi, demokratik, sivil dövlət quruculuğu proqramının həyata keçirilməsinə nail olmaq idi. 15 il bundan əvvəl noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, yeni parlamentin təşkili üçün seçkilər keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi oldu.

Bu dövrdə Ümummilli Lider Heydər Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı çıxan qəsdlərin qarşısını məharətlə aldı, digər tərəfdən dövlət quruculuğu işinə rəhbərlik etdi. Bu sahədə qarşıya çıxan maneələri əzmlə aradan qaldırdı. Fərəhlidir ki, bu gün həmin missiyanı Ulu Öndərimizin siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev çox böyük fədakarlıqla davam etdirir.



Eldar Yunusov

Bakı ŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəisi


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ