
27 Sentyabr Azərbaycan xalqının milli yaddaşında xüsusi yeri olan tarixi günlərdən biridir. Hər il bu tarix Anım Günü kimi qeyd edilir və Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə Vətən müharibəsi başladı. 44 gün davam edən müharibə Azərbaycan xalqının tarixində mühüm mərhələyə çevrildi. Ordumuzun əsgər və zabitləri döyüş meydanında böyük şücaət göstərərək Vətən qarşısında müqəddəs borclarını yerinə yetirdilər.
Bu müharibə Azərbaycan xalqının birliyini və həmrəyliyini də bütün dünyaya nümayiş etdirdi. Cəbhədə əsgər və zabitlərimiz döyüşdüyü bir vaxtda arxa cəbhədə milyonlarla insan ordumuza mənəvi dəstək verdi. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar bir amal ətrafında birləşərək Vətənin müdafiəsinə öz töhfələrini verməyə çalışdılar.
Lakin bu tarixi qələbənin arxasında böyük itkilər və ağır acılar da dayanır. Minlərlə Azərbaycan vətəndaşı Vətən uğrunda həyatını fəda etdi. Onların arasında gənc əsgərlər, zabitlər, müxtəlif peşə sahibləri, ailə başçıları və gələcəyə böyük arzuları olan insanlar vardı. Onların hər biri öz həyatını Vətənin müdafiəsinə həsr etdi.
Şəhidlik xalqımız üçün müqəddəs anlayışdır. Şəhidlərimizin adları yalnız memoriallarda, küçələrdə və məktəblərdə deyil, Azərbaycan xalqının qəlbində yaşayır. Onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün Vətənə sevginin və fədakarlığın nümunəsidir.
27 Sentyabr həm də hər birimizə tariximizi unutmamağı, şəhidlərimizin xatirəsinə daim hörmətlə yanaşmağı xatırladır. Bu gün şəhid ailələrinə göstərilən diqqət, onların övladlarına göstərilən qayğı cəmiyyətimizin mənəvi dəyərlərinin göstəricisidir.
27 Sentyabr – Anım Günü münasibətilə Vətənimizin müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru
