
Hər bir xalqın tarixində onun taleyini müəyyən edən, gələcəyinə istiqamət verən mühüm günlər olur. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində və sabit inkişafın təmin olunmasında mühüm rol oynamışdır.
1993-cü ildə Azərbaycan ağır siyasi və iqtisadi sınaqlarla üz-üzə qalmışdı. Ölkədə hökm sürən qeyri-sabitlik, daxili çəkişmələr və idarəçilik böhranı dövlətin gələcəyini təhlükə altına salmışdı. Belə bir mürəkkəb dövrdə xalqın etimadını qazanan ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin və tərəqqinin əsasını qoydu.
15 iyun tarixindən etibarən Azərbaycanda dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Qısa müddət ərzində ölkədə asayiş bərpa edildi, qanunçuluq möhkəmləndirildi, iqtisadi inkişaf üçün əlverişli şərait yaradıldı. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, ölkəmiz dünya birliyində layiqli yer tutmağa başladı.
Bu gün Milli Qurtuluş Günü yalnız keçmişə nəzər salmaq deyil, həm də müstəqil Azərbaycanın qazandığı uğurları dəyərləndirmək üçün mühüm fürsətdir. Bu tarixi gün xalqımızın birlik və həmrəyliyinin, dövlətçiliyə sədaqətinin və gələcəyə inamının rəmzi kimi böyük qürur hissi ilə qeyd olunur.
Milli Qurtuluş Günü hər bir azərbaycanlıya xatırladır ki, güclü dövlətin təməlində milli birlik, vətən sevgisi və xalqın öz liderinə olan etimadı dayanır. Azərbaycanın bugünkü inkişafı və beynəlxalq nüfuzu həmin tarixi qurtuluşun bəhrəsidir.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə qüdrət, xalqımıza firavanlıq, hər bir ailəyə xoşbəxtlik və əmin-amanlıq arzulayırıq. Bayramınız mübarək!
Aysel Əliyeva
Ucar şəhər 4 saylı Körpələr Evi- Uşaq Bağçasının müdiri
