
Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix xalqımızın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, dövlətçiliyimizin qorunması, milli birliyin təmin olunması və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və idarəçilikdə yaranmış ciddi problemlər Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin Sədri seçildi.
Bu hadisə ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə, qanunçuluğun təmin olunmasına və milli maraqların qorunmasına yeni bir yol açdı. Sonrakı illərdə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi inkişafına və müstəqil dövlət kimi güclənməsinə mühüm töhfələr verdi.
Bu gün Milli Qurtuluş Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin, milli həmrəyliyinin və müstəqillik əzminin rəmzi kimi qeyd olunur. Bu tarixi gün hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə daim sülh, əmin-amanlıq, inkişaf və firavanlıq arzulayırıq. Bayramınız mübarək!
Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini
