Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif fənn aylığı çərçivəsində yüksək səviyyədə təşkil olunmuş tədbir keçirildi. Tədbir məktəbin pedaqoji kollektivinin peşəkarlığını, şagirdlərin bilik və bacarıqlarını, eyni zamanda ibtidai təhsilin inkişafına göstərilən xüsusi diqqəti bir daha nümayiş etdirdi.
Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli , ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Uşaq və Gənclərə Dəstək Mərkəzinin rəhbəri Lətifə Əliyeva, UGİM-in rəhbəri Xuraman Qurbanova, ictimaiyyət nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak etdilər.
Qonaqlar məktəbdə yaradılmış tədris mühiti, şagirdlərin nümayiş etdirdiyi bilik və bacarıqlar, həmçinin tədbirin yüksək təşkilatçılığı ilə yaxından tanış oldular.
İbtidai sinif müəllimi Südabə müəllimə tərəfindən böyük zəhmət, yaradıcılıq və peşəkarlıqla təşkil olunan tədbir öz rəngarəngliyi və zəngin proqramı ilə xüsusi diqqət çəkdi. Şagirdlərin təqdim etdiyi maraqlı səhnəciklər, musiqi və rəqs nümunələri, vətənpərvərlik ruhunda çıxışlar, intellektual təqdimatlar və yaradıcı kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılandı.
Tədbir zamanı şagirdlərin sərbəst düşünmə qabiliyyəti, nitq mədəniyyəti, yaradıcı yanaşmaları və özünəinamı aydın şəkildə hiss olunurdu. Bu isə ibtidai təhsil pilləsində aparılan məqsədyönlü və keyfiyyətli tədrisin nəticəsi kimi dəyərləndirildi. Tədbirin hər bir detalında müəllim zəhməti, təşkilatçılıq bacarığı və uşaqlara olan xüsusi diqqət açıq şəkildə öz əksini tapmışdı.
Qonaqlar çıxışlarında belə tədbirlərin şagirdlərin inkişafında mühüm rol oynadığını vurğulayaraq məktəb rəhbərliyinə, müəllim kollektivinə və xüsusilə tədbirin təşkilatçısı olan Südabə müəlliməyə təşəkkürlərini bildirərək onu ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırdılar. Məktəbin həyatında yaddaqalan günlərdən birinə çevrilən bu tədbir iştirakçılarda xoş və unudulmaz təəssüratlar yaratdı.
