
10 May Azərbaycan xalqının qəlbində xüsusi yer tutan müqəddəs günlərdən biridir. Bu tarix Azərbaycan dövlətinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Onun adı Azərbaycan tarixinin ən şərəfli səhifələrində əbədi həkk olunmuşdur.
Heydər Əliyev öz müdrik siyasəti və qətiyyətli addımları ilə Azərbaycanı ağır sınaqlardan çıxarmışdır. O, ölkəmizin müstəqilliyini qorumaq və gücləndirmək üçün böyük fədakarlıq göstərmişdir. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoymuşdur.
Onun rəhbərliyi dövründə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində mühüm nailiyyətlər əldə edilmişdir. Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına da böyük önəm verirdi. Azərbaycan dili, milli adət-ənənələr və mədəni irs daim onun diqqət mərkəzində olmuşdur.
Ulu Öndər gənclərə xüsusi qayğı ilə yanaşırdı. O hesab edirdi ki, ölkənin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır. Buna görə də təhsil sahəsinin inkişafına daim diqqət ayırırdı.
Bu gün Azərbaycanın qazandığı uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Azərbaycan xalqı dahi liderin əziz xatirəsini həmişə qürurla yad edir.
Ramin Abasov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri
