
Novruz bayramı dünyanın ən qədim bayramlarından biri hesab olunur və onun tarixi min illər əvvələ gedib çıxır. Bu bayram qədim dövrlərdən etibarən Şərq xalqları tərəfindən qeyd edilmiş, zaman keçdikcə zəngin ənənələri və adətləri ilə formalaşaraq günümüzə qədər gəlib çatmışdır. “Novruz” sözü fars dilində “yeni gün” mənasını verir və bu bayram yeni ilin, yeni başlanğıcın simvolu hesab olunur.
Tarixi mənbələrə görə Novruz bayramı təbiətin oyanışı və baharın gəlişi ilə əlaqədardır. Mart ayının 20-21-də gecə ilə gündüz bərabərləşir və bu gün astronomik baxımdan baharın başlanğıcı sayılır. Qədim insanlar bu günü həyatın yenidən canlanması kimi qəbul edir, təbiətin dirçəlişini böyük şənliklərlə qarşılayırdılar.
Azərbaycan xalqı Novruzu əsrlərdir böyük sevgi ilə qeyd edir. Bayramdan əvvəl dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri keçirilir. Bu çərşənbələr təbiətin mərhələlərlə oyanmasını simvolizə edir. İnsanlar evlərini təmizləyir, həyətlərini abadlaşdırır, səməni qoyur və bayram süfrələri hazırlayırlar.
Novruz süfrəsində səməni, boyanmış yumurtalar, paxlava, şəkərbura, qoğal və digər milli şirniyyatlar yer alır. Bayram axşamı tonqallar qalanır, insanlar tonqalın üzərindən tullanaraq köhnə ilin bütün çətinliklərinin geridə qalmasını arzulayırlar. Uşaqlar papaq atır, insanlar bir-birini ziyarət edir və bayram sevincini bölüşürlər.
Baharın gəlişi münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti və bol ruzi-bərəkət arzulayırıq. Qoy Novruz bayramı hər evə sevinc, xoşbəxtlik və uğurlar gətirsin!
Vüqar Abbasov
İş adamı-xeyriyyəçi
