
(Portret cizgiləri)
O kənddə də o çağlar hər kəndin ortasında olan kimi hündür dirəyə asılan iri bir radio vardı və hərdən-hərdən o radiodan məlahətli səslər dörd bir yana yayılardı:
Uca dağlar, qarlı dağlar başında,
Bir yar sevdim, tirmə şal var başında...
Hacıhətəmli kəndi iri, bütöv bir ailə kimi idi
Hayıl-mayıllıqla qulaq asardılar və uca dağlar başındakı o kənddə o mahnını eşidənlərin əksəri elə xəyal edərdi ki, bu nəğməni ən əvvəl elə onların kəndi üçün oxuyurlar, bu hava bir zamanlar elə bu kənddə baş vermiş bir eşq macərasının hekayətidir. Nə qədər ki o kənddəkilərin çoxu kimi, o uşaq da o nəğmənin öz kəndləri ilə bağlılığına, başqa yerdəki deyil, məhz öz kəndlərindəki bir sevginin tarixçəsi olmasına inanırdı, daha xoşbəxt idi. Yaşaya-yaşaya, görə-görə o uşağın da gözləri açıldı, mahnılardan daha fərqli həyata da alışdı, gündəlik dolanışığın şeirə az oxşayan vərdişləri, adətləri də onun ömründə özünə yer elədi. Yoxsa ki o balaca dağ kəndinin saf havası kimi təmiz insan münasibətləri də sonra üzləşdiyi dünyanın qatmaqarışıq, bəzən ilk rastlaşdığında onu çaşdıran münasibətlərindən qat-qat səmimi, şəffaf idi. Hər cür adamın olduğu, dağlara qısılmış bu Hacıhətəmli kəndi iri, bütöv bir ailə kimi idi. Biri qəmlənəndə hamıya o ağrıdan pay düşürdü, biri sevinəndə hamının eyni açılırdı. Çünki heç kəs özünə qapalı deyildi. Bütün kənd bir evli kimi idi. Biri yalan danışanda bütün kənd qımışırdı, çünki elə xıltsız, elə hiyləsiz idilər ki, o yalanı danışan da bilirdi bunları elə məzələnməkçün uydurur, eşidənlər də bilirdilər ki, bu adam bu təhər zərərsiz goplara adətkərdədir. Bəlkə başacan o kənddə, o saflıq adasında qalmaq məsləhətmiş? Bəlkə axıracan elə orada qalsaymış, büsbütün ayrı adam olacaq, başqa ömür yaşayacaqmış?!. Amma ha qal, sən dünyaya doğru getməsən də, dünya onsuz da özü sənə doğru gələcəkdi! Neyləyəsən ki, dünya fırlanırdı...
Həmin kənddən aşağıda da, yuxarıda da həyat vardı. O kənddən baxanda lap uzaqlarda olsa da, müqəddəs Baba dağı görünürdü, o dağda üzü oxuyan quşlar vardı, o dağdan yuxarı qalxdıqca təmizlik də, saflıq da artırdı. Çünki sonra buludlar gəlirdi, sonra göylər gəlirdi, sonra dualar ediləndə əllər açılan, gözlər dikilən ucadan uca Allah gəlirdi. O kənddən aşağıda, üzü bu yana yerləşən məkanlarda isə elə bil rənglər artırdı, o rənglərin çalarları çoxalırdı, həyatın əlvanlığı qatılaşdıqca gün-güzəranın da sualları çoxalırdı, müşkülləri artırdı. Birinci dəfə həmin saf kənddən aşağıdakı kəndlərə, öz kəndlərinə nisbətən daha geniş həyatın içərisinə enəndə, yolda biri-birinin yanından salam vermədən, biri-birini tanımırmış kimi biganə keçib-gedən adamları görəndə duruxub qalmışdı ki, görəsən, bu adamlar niyə hamısı biri-biri ilə küsülüdür? Çünki onun kəndinin qaydasınca adam adamı görəndə elə ev adamı, doğması kimi hal-əhval tutmursa, deməli, aralarında nəsə soyuqluq var...
Beləcə, Aydın müəllim həyata endikcə çox sirləri aydınlaşdırmağa başlayırdı...
Hacıhətəmli kəndi onu çıxılmaz cazibəsi ilə qucağına çəkirdi...
Ömrün gizlinclərini aydınlaşdırdıqca da ahəstə-ahəstə anlayırdı ki, əsl həyat elə bu imiş - aşağıdakı imiş. Yuxarıda - o kənddə yaşadıqları isə həyat deyilmiş, bir röya imiş... Sonra illər ötəcək, yaşa dolacaq, həyatın çox üzünü görəcək, ancaq könlü röya istəyəndə yenə onu o dağlar, ürəyi titrədən qədər doğma, simsar Hacıhətəmli kəndi özünün çıxılmaz cazibəsi ilə qucağına çəkəcək. Gələcək, uşaqlıq vaxtlarında, qış səhərlərində sobanın közü qaralıb evləri soyuyanda anasına qısılıb onun istiliyinə qızınan kimi bu kəndin hərarətini şəhərin soyuğundan üşümüş canına çəkəcək...
Bu, Aydındır – sonralar ictimai həyatımıza, elm aləminə, yaradıcı mühitə bütöv şəxsiyyət kimi daxil olacaq Aydın Səlimzadə. İsmayıllının ucqar Hacıhətəmli kəndindən gələrək bütün Azərbaycanı öz kəndi kimi daha gözəl, daha saf, daha sevməli etməkçün ömrü boyu qələmiylə, istedadıyla, işığıyla çalışmış qiymətli Vətən aydını!
Bu günlərdə İsmayıllımızın daha bir ziyalısı, elə Aydın müəllimin yeznəsi Vidadi müəllimin adına bağladığımız kitabın hazırlığı zamanı onun evində olanda, albomdakı şəkillərə baxanda ikimizin də gözlərimizə bir şəkil sataşdı. Bu, Aydın Səlimzadənin Vidadi Bayramovla birlikdə nə vaxtsa çəkdirdikləri xatirə şəkliydi. Onu yada salarkən sözarası Vidadi müəllim bildirdi ki, Aydın fəsillərin ən istisi olan yayın övladıdır, iyulun 2-də bu dünyaya göz açıb. Elə bu söz mənə bəs idi ki, öz payımı götürüm.
İsmayıllılıların Aydın Səlimzadə kimi parlaq qələm sahibi ilə iftixar etməyə haqları var
Bilirəm ki, onu tanıyan dostların hamısı feysbuk səhifəsində martın 9-da növbəti anım gününü qeyd edəcəyimiz Aydın Səlimzadənin ruhuna dualar oxuyaraq ona fəxrlə “rayonumuzun tanınmış ziyalısı” deyəcək. Əlbəttə ki, tamam ismayıllılıların, oradakı gözəl Hacıhətəmli kəndinin ellik camaatının Aydın Səlimzadə kimi parlaq bir qələm sahibi və düşüncə adamının məhz onların həmkəndlisi, həmyerlisi, ellisi olması ilə iftixar etməyə haqları var.
Amma Aydın Səlimzadə həm də mənim dostum, sirdaşım, həmyerlim, ellimdir. Baxmayaraq ki, Basqal kəndindənəm, amma Hacıhətəmlini də özümə doğma bilirəm. Ən azından bu torpaqdan çıxmış başqa bir ziyalımız, istedadlı qələm sahibi Xeyrulla Ağayevlə və bir neçə şəxsin də uzun illərin dostuyam, onda bu yazını yazmaq mənimçün bu baxımdan bir qədər asandır. Amma Aydın müəllimin özü haqqında yazmaq isə ağırdan da ağırdır. Aydın Səlimzadə - qələminin işığı, düşüncəsinin genişliyi, bütöv yurdun hər qarışına məhəbbəti ilə bütün Azərbaycanınkı olan ən seçkin aydınlarımızdan idi və indi yox, çox onillər bundan öncədən həm də mənim yerlim idi, ortaq dəyərləri bölüşən, bu millətin və torpağın dünəninə ən dərin sayğı bəsləyən, bu xalqın sabahkı daha məsud günlərini qəlbən, səmimiyyətlə arzulayan çox-çox fikirdaşımızın, duyğu, məslək, əqidə ortağımızın həmkəndlisi idi.
Doğulduğumuz, yalın ayaqlarımızla istisini canımıza çəkdiyimiz dədə-baba yurdumuz, böyüdüyümüz kənd bizimçün ilk balaca yuvamızdır. Ancaq dünya özü nə boydadır ki! Qanadlarımız bərkiyincə qanadlanıb yeni üfüqlərə doğru uçmağa başlayırıq və asta-asta əsl yuvamızın elə Azərbaycan boyda olduğunu anlayırıq (Təbii ki, heç də hamımız yox! Elələri var ki, axıracan nəinki Vətən, lap dünya da onlara elə öz evi, ailəsi, məhəlləsi iriliyində qalır!).

Ustalığı elə həmin başlanğıcdan gələn idi...
Aydın Səlimzadə gerçək Yuvasının Azərbaycan olduğunu lap cavan yaşlarından dərk etmiş, bu Yuvanı Allahın ona verdiyi qabiliyyətlər hesabına bir az ahəngdar, mütənasib, göyçək etməyə daim can atmış insan idi. Pərvərdigarın ona bağışladığı sərvət, bacarıq, imkansa qələm idi, dünyanı və insanları içəridən görmək bəsirətliliyi idi, görüb-duyduqlarını canayatan bir biçimdə sözə, yazıya çevirə bilmək ustalığı idi. “Ustalığı” yazıram ona görə ki, fitrətdən gələn bir peşəkarlıq Aydın Səlimzadənin ən köhnə yazılarında da, axtarışlarında da, tapıntılarında da, əldə etdiklərində də görünməkdə idi və illər, sadəcə, yazısını, ifadəsini bir qədər də cilalı, pardaqlı, rəvan etmişdi. Ustalığısa elə həmin başlanğıcdan gələn idi! Söz yox, illər səni vaxt ötdükcə daha bişkin, daha dərin edir. Lakin ustacasına yanaşa bilmək mayanda yoxsa, bunu sonralar nə oxuyub-öyrənmək, nə təcrübə ilə qazanmaq mümkündür. Ustacasına, müdrikcəsinə, qabilliklə hansısa işin qulpundan yapışa bilmək, elə istedadın özü kimi, Tanrıdan insana nəsib olan paydır. Bu da hamımızın Aydınına verilmişdi ulu Tanrıdan, xislətində, canında, qanında, ruhunda idi...

Ziyalıların özəl ocağı – “Elm” qəzeti
Aydın müəllimi mən 1988-ci illərdən tanıyıram, redaktoru olduğu “Elm” qəzetindən. Sahə qəzeti olmasına baxmayaraq, o dövrün çox oxunaqlı, cəsarətli mətbuat orqanlarından biri idi. Azadlıq hərəkatı başlayanda, təzə-təzə millətin etirazları baş qaldıranda bu qəzet də digərləri kimi Azadlıq meydanında əlbəəl gəzirdi. “Elm” Elmlər Akademiyasının orqanı olmasına baxmayaraq, rəngarəngliyi, dolğun məzmunu ilə adətkərdəsi olduğumuz digər mətbuat orqanlarından daha çox elə oxunaqlı olduğuna görə alınır, sevilirdi. Buradakı materiallar adlarından tutmuş imzalarınadək hər nömrə təzələnirdi. Ənənəvi mətbuat dili və üslubumuza oxşamayan bir yenilikçi tərz! Heç kim Aydın Səlimzadəyə deməmişdi belə yaz, bu cür təsvir elə, nədən bəhs elə. Bu, onun özündən, içərisindən gələn bir yanaşma idi, asta-asta “Elm”in hər cəhətdən yeni və yenilikçi ocağının ətrafına Aydın Səlimzadə ruhunda olanlar daha çox yığıldı, bu cür düşünüb, bu cür görən və bu cür də yazanlar “Elm”i sevilən, izlənilən və hər nömrəsi həsrətlə, böyük ümidlərlə gözlənilən “Elm” etdilər, bu ünvan ötən sərimizin təzə nəfəsli qələm sahiblərinin, ziyalılarının özəl bir ocağına, ürəkboşaltma meydanına çevrildi...
Milli mətbuatımızda ənənə yaradan Aydın Səlimzadə
Elə bilirsiniz o dövrdə qəzet buraxmaq, oxunaqlı yazıları toplamaq asan idimi? Ya da cəsarətli qələm sahiblərini bir ocağa cəmləmək mümkün idimi? Bu, zülmdən də betər idi... Çərçivələri sındıran, basmaqəlib, nimdaş dəsti-xətti bir qırağa ataraq yeni yol tutanların, səmt küləyinə çevrilənlərin önündə gedənlərdən idi Aydın Səlimzadə.
Getdikcə biri-birimizi yaxından tanımağa, öyrənməyə başladıq. Bu münasibəti isə bizdə birlikdə qəzetlərimizi çapa hazırlamağa başladığımız mətbəədən başlamışdı. Ofset üsulu ilə buraxılan qəzetlərimiz linotip maşınlarında yığılır, səhifələnir, plyonkaya verilir və sonda da çapa gedirdi. Bu proseslərin hamısında məsuliyyət hisslərini yaşayan Aydın Səlimzadə iştirak edirdi. Təbii ki, çox vaxt qəzetlərimiz yanaşı hazırlanır, eyni vaxtda çapa gedirdi. Biz də qəzetlərimiz çapdan çıxanadək nəşriyyatın çayxana-yeməkxanasında oturub çay içir, çörək kəsir, şirin-şirin söhbət edirdik. Bax bu münasibət bizi daha da yaxınlaşdırır, doğmalaşdırırdı. Onun dünyagörüşü, dünyaduyumu, zövq məsələsi tamam başqa cür idi. Və mənə Aydın Səlimzadənin yolu daha yaxın, daha məhrəm gəlirdi...
Aydın müəllim milli mətbuatımızda ənənə yaradanlardan oldu. Bəsitlikdən, əyalətçilikdən uzaq, intellektin hər cümlədə duyulduğu, amma hər adi dinləyicinin rahatca qavrayacağı şirin, əlvan dil, yöndəmsiz deyiliş hoqqabazlıqlarından təmizlənmiş axıcı dil! Və biri-birindən lazımlı tarixi mövzuların seçimi, onların yüksək səriştə ilə redaktəsi və təqdimi...
Mən bu yazıda onun tərcümeyi-halına toxunmadım, bir cümlə belə yazmadım bu barədə.
...Vaxtım az, macalım dar olmasaydı, lap çox yazardım, çünki Aydın müəllimin bir insan, dost, yaradıcı olaraq məziyyətləri o qədər bol idi ki, elə hərəsindən 2-3 səhifə yazsan, iri kitab alınardı. Niyə də yazılmasın ki, belə kitab? Mənim növ-növ qayğılarım çox, vaxtım azdır, amma bu nəcib işi görməyə bacarığı da, qələminin gücü də çatanlar az deyil axı! Dəyərli həmkarımız Rəna Mirzəliyeva illər öncə "Hər ürəkdə bir Aydın" adlı bir kitab bağladı onun adına. Çox maraqlı bir kitab idi, Aydın Səlimzadənin adına layiq. Orada onun bütün başqa yaradıcı məziyyətləri, fitri istedadı aydın görünürdü. Amma mən mühümdən mühüm bir keyfiyyəti haqqında cavanlara ibrət olaraq məxsusi məsələyə diqqəti yönəltmək istəyirəm. Daim öz üzərində çalışmaq, mütaliədən doymamaq, oxuduğunu həzm edib hafizəsinə, ürəyinə həkk edə bilmək, usanmadan işləmək ehtirası, zəhmətsevərlik. Bunlar olmasa, Tanrının səxavətlə bəxş etdiyi istedadı asanca zay eləmək də mümkündür. Ya da ən yaxşı halda, həmin istedadın qanadları bunlarsız, heç vəchlə açıla biləcəyi genişlikdə pərvaz etməz!..

...Dağlar həmin dağlardır. Min il əvvəlki, yüzillər öncəki kimi, yenə qışda qarlı zirvələri, yazda yaşıllanan köksü ilə yüksəlir. Dəyişən bizik, dəyişən həyatdır. Daha nə kəndin ortasında hamını biri-birinə bir az da yaxın, qulaq yoldaşı edən dirəkdən asılı radioreproduktorlar var, nə də uşaq bakirəliyi ilə nəğmələrdəki söyləyişləri həqiqət kimi qəbul edən sadədillər. Onillər qabaq o uca dağlardan saflıq dərsini alaraq böyük dünyadakı enişli-yoxuşlu yolunu başlamış seçkin Azərbaycan ziyalısı Aydın Səlimzadə cəmi-cümlətanı yaşadığı 42 illik ömründə qələmiylə, sözüylə o dağlardan aldığı işığı, gücü, istiliyi millətiylə paylaşmağa can atdı. Nəyə gücü çatdı, elədi. Və 42 illik yaşamında da bütün gərəkli işlərini görə-görə Aydın Səlimzadənin bir amalı oldu - çağdaşlaşaq, dünya ilə ayaqlaşaq, dünyanın üstünləri cərgəsində olaq. Amma heç zaman əslimizi, kökümüzü, ilk vətən dərsləri aldığımız yuvamızı unutmayaq. Böyük Vətəni də həmişə o ilk, o məhrəm, o xudmani yuvamıza bəslədiyimiz hərarətli, soyumaz məhəbbətlə sevək!

Əziz Aydın müəllim, dəyərli qardaşımız! Sonda sənə - yalnız ismayıllılıların, hacıhətəmlililərin deyil, bütün azərbaycanlıların, həm də yalnız bu taylı və o taylı yox, dünya boyuncakı bütün soydaşlarımızın HƏMKƏNDLİSİNƏ, ELLİSİNƏ, ÜRƏKDAŞINA Allahdan rəhmət diləyirəm.
Aydın Səlimzadəni ruhuna ehtiramla;
Daşdəmir ƏJDƏROĞLU
