Məlum olduğu kimi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyinin həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul olunmuş sənədlərdə, həm də beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapması daim Azərbaycan xarici siyasətinin əsas vəzifələrindən biri olub. Beynəlxalq təşkilatların təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət daxil olmaqla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çağıran çoxsaylı sənədlər aparılan işin mühüm bəhrəsidir. Qeyd olunan mövqe BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyasının müvafiq qətnamələrində, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platforma və təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə birmənalı şəkildə ifadə olunub.
Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı konkret şəkildə ifadə olunan vacib elementlər Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə daim xidmət edib.
Birinci növbədə, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Azərbaycan ərazisinin tərkib hissəsi olduğunun təsdiqlənməsi beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib. Ümumiyyətlə, işğalçı dövlət istisna olmaqla, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə heç bir dövlət və ya təşkilat tərəfindən şübhə ilə yanaşılmaması və bunun beynəlxalq təşkilatların qərarlarında açıq-aşkar təsbit olunması ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biri kimi xarakterizə oluna bilər.
İkinci, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsinin tələb olunması Azərbaycan tərəfindən əsas təzyiq vasitəsi kimi geniş şəkildə istifadə olunan bir fakt idi.
Üçüncü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququnun təsbit edilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri və bir sıra beynəlxalq təşkilatların qərarlarında bu müddəaya yer verilməsi digər uğurlu bir addım kimi qeyd edilə bilər. Bir milyonadək insanımızın hüquqlarının pozulması, onların qaçqın və məcburi köçkünə çevrilməsi, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarının beynəlxalq ictimaiyyətə tanıdılması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində olub.
Qeyd edilən istiqamətlərlə yanaşı, Ermənistanın davam edən təcavüzü çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımların ifşa edilməsi, bu istiqamətdə siyasi və hüquqi prosedurlardan istifadə Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində aparılmış fövqəladə siyasətin təməllərindən hesab olunur.
Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm.
Anar Alızadə,
İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi