Qürurumuzu artıran bir haldır ki, bugün də Azərbaycana ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi rəhbərlik edir.
Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 21 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün əsas göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Dövlətimizin başçısı İlham Əliyevin 21 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.
Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!
Taleh Salehov,
Dağlıq Şirvan Regional Gəncələr və İdman idarəsinin rəisi