Sizin reklam burada
Sizin reklam burada

YAP-ın keçdiyi 32 illik şərəfli tarixi yol əbədi olacaq

YAP-ın keçdiyi 32 illik şərəfli tarixi yol əbədi olacaq


21 noyabr 1992-ci il Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Məhz, 32 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb. Əslində,Yeni Azərbaycan Partiyasının 32 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.

Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü haqqında danışarkən ilk növbədə dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir, ulu öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır.

Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib.Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya qısa bir zamanda böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dedyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.

Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.

Partiyanın 32 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, partiyaya bundan sonra da Azərbaycan xalqının rifahının yüksəlməsi və Azərbaycan Respublikasının tərəqqisi naminə yeni uğurlar arzu edirəm.


Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ