Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev- Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət

Heydər Əliyev- Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimizin müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəslənilib.

Həmişə olduğu kimi bu gündə xalqımız unudulmaz ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirlər.


Heydər Əliyev- Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət
Elçin Kərimov,
Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ