Sizin reklam burada
Sizin reklam burada

Yeni vergi təşviqləri otellərdə nəyi dəyişəcək: xidməti, xərcləri, yoxsa qiymətləri?

Yeni vergi təşviqləri otellərdə nəyi dəyişəcək: xidməti, xərcləri, yoxsa qiymətləri?

Regional turizmin inkişaf etdirilməsi və onların sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) vergi təşviqləri veriləcək. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq.

Bu güzəştlər qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlama verib.

O qeyd edib ki, turizm sektoruna güzəştlərin tətbiq olunması bütövlükdə son dövrlərdə müzakirə edilən məsələlərdən idi:

“2024-cü ilin yanvarın 1-dən qüvvəyə minən yeni dəyişiklərə əsasən, turizm sektorunda vergi güzəştlərindən istifadə edə biləcək. Vergi güzəştlərinin istifadə edilməsi, eyni zamanda turizm sektoru üçün yeni imkanlar deməkdir. Gözlənilir ki, bu, turizm obyektlərinin xərclərinin azalmasına gətirib çıxaracaq. İqtisadi baxımdan əgər hər hansı bir sektorda vergi güzəştləri varsa, xərclər azalırsa, deməli, həmin sektorda maya dəyərinin aşağı düşməsi müşahidə olunur. Ona görə də gözlənti ondan ibarətdir ki, bu, yerli turizmdə xərclərin azalması nəticəsində, həm də qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər”.

“Turizm sahəsində monitorinqlər davam etdirilməlidir. Buna uyğun olaraq da qiymətlərin optimallaşdırılması və azaldılması istiqamətində də mümkün və liberal iqtisadiyyatın imkan verdiyi alətlərdən faydalanmaq lazımdır. Təbii ki, xərclərin azalması fonunda gələn il yerli turizmdə qiymətlərin optimallaşdırılması mümkündür. Hətta bəzi turizm obyektlərinin qiymətlərinin aşağı düşəcəyi də istisna deyil. Çünki bunun üçün iqtisadi əsas var. Amma bütün bunlarla yanaşı, həm də bu sahədə monitorinqlərin gücləndirilməsi olduqca vacibdir”, - deyə deputat əlavə edib.

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, vergilərin yumşaldılması, güzəştlərin olması turizm sahəsində olduqca müsbət təsir göstərir:

“Bununla yanaşı bu proses obyekt və subyektlər üçün də çox önəmlidir. Qiymətlərin azalması əsasən mövsümə görə dəyişir. İnsanlar əsasən bayram və tətillərdə istirahətə üz tuturlar. Bu müddətdə də qiymətlərin ucuzlaşmasından söhbət gedə bilməz. Həmin vaxtlarda, hətta ondan neçə gün əvvəl də bütün hotellərdə yerlər artıq dolu olur. Vergi təşviqləri hotellərlə yanaşı mehmanxana, sanatoriya və digər iaşə obyektlərinə də öz müsbət təsirini göstərəcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ