Sizin reklam burada
Sizin reklam burada

Müstəqil Azərbaycanın memarı və qurucusu: ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Müstəqil Azərbaycanın memarı və qurucusu: ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

10 oktyabr 1993-cü ildə Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayıb
Onun adı və fəaliyyəti Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış və Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz bu olmalıdır.

Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı...
Biz bu gün Ulu öndərin bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi yanaşmadan kənarda qalan fəaliyyətinin bəzi spektrləri haqqında fikirlərimizi bildirməyə çalışacağıq. Ümumi yanaşma Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yönündədir... Ancaq biz hesab edirik ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törədilən repressiyanın mərkəzi, məhz təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları sanki Azərbaycanın daxilində anti-azərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından anti-azərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının da, milli özünüdərk prosesinin də rüşeymi elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər Öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də, məhz ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan ilk addımın ilkin nəticəsi isə, məhz Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakının istənilən yerdə və istənilən şəkildə ümumi universal möhürü beynəlmiləl şəhər möhürü idi. Bu beynəlmiləl şəhər bir kosmopolit bakılılar anlayışını özündə birləşdirməklə, milli ünsürləri rədd edirdi. Beləliklə, hətta o dövrdə mərkəzi hakimiyyətdə Dərbənd kimi, neft mərkəzi olan Bakını da hansısa bir şəkildə federasiyaya bağlamaq, bu mümkün olmayanda isə, heç olmasa, Bakını azərbaycanlılarından qorumaq siyasəti həyata keçirilirdi.

Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislilik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar, əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni bu, bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı, müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuşdu. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün məhz bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O da yaşayacaqdır.



Şahin Əliyev,
Göyçay Dövlət İdarərtmə və Texnologiya Kollecinin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ