Sizin reklam burada
Sizin reklam burada

Əbədi və ölməz Heydər Əliyev dühası

Əbədi və ölməz Heydər Əliyev dühası


Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Məhz bu səbəbdən Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr daxil oldu. Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı.
Bütövlükdə, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə xalqımıza misilsiz xidmətlər göstərdi. Bu, təkcə sosial-iqtisadi inkişafla bağlı deyildi, eləcə də milli şüurun oyanmasında özünü göstərirdi. O, elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi, kadr potensialının gücləndirilməsi üçün gənclərimizi keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Hər il həmin gənclərlə də görüşürdü. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın uğurlu gələcəyi üçün atdıqları addım idi.

Çox sevindirici haldır ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Əldə edilən çoxsaylı nailiyyətlər və ən əsası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sübut etdi ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir və ATA VƏSİYYƏTİ layiqincə yerinə yetirildi. Artıq Ulu Öndərin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub. Bu qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, eyni zamanda Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ətrafında hər bir vətəndaşın sıx birləşməsi deməkdir. Çünki bu gün siyasi baxışlarından asılı olmuyaraq hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Biz inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımız qısa zamanda bərpa olunacaq və soydaşlarımız doğma yurdlarına qayıdacaq, Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir.



Əvəz Qocayev,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini sədrinin 1- ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ