Sizin reklam burada
Sizin reklam burada

Tarixi zəfərin banisi - Heydər Əliyev dühası

Tarixi zəfərin banisi - Heydər Əliyev dühası

Hatəm İbrahimov,
Xeyriyyəçi-İş adamı


“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Yəqin ki, çoxumuzun yaddaşında bu sitat elə ulu öndər Heydər Əliyevin öz səsi ilə qalıb.

10 may Azərbaycanın qurucusu və memarı, bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olan, xalqı üçün yaşamış ulu öndər Heydər Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Dahi şəxsiyyət hələ 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra fəaliyyətini bütün varlığı ilə Azərbaycanın rifahı və gələcək inkişafı naminə daha intensiv şəkildə həyata keçirməyə başlayıb. Bu səbəbdəndir ki, onun hakimiyyəti dövründə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Çünki ölkədə bütün sahələr diqqət mərkəzində saxlanılırdı. İstər mədəniyyət, istərsə də sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı bərabər şəkildə aparılırdı.

Lakin bütün işlər bununla yekunlaşmırdı. Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev xalqının milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda da mübarizəsini əzmlə davam etdirirdi. Bu yöndə atılan ən böyük addımlardan biri Azərbaycan gənclərinin hərb sahəsində peşəkar kadr kimi yetişdirilməsi oldu. Nəticədə ümummilli lider 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının təşəbbüskarı oldu. Yarandığı ildən müasir dövrümüzə qədər bu hərbi liseydə təhsil alan yüzlərlə gənc daha sonra Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynadı və öz sözünü deyə bildi.
Ölkəmiz 1990-cı illərinin əvvəllərində bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Bundan sonra ulu öndər dövlətimizin inkişaf strategiyasını müəyyən etdi və inkişafın yeni Azərbaycan modelini yaratdı. Əlbəttə ki, müstəqil, demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması da onun siyasətinin bəhrəsidir. Ulu öndərin həyat və fəaliyyətinə nəzər saldıqda görürük ki, həqiqətən də o canından çox sevdiyi ana yurdu üçün çətin və keşməkeşli mübarizə yolu keçib.

Harada çalışmasından asılı olmayaraq Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə banisi olduğu azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdi. Ömrü boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi.

Məlumdur ki, bütün xalqların qarşısında duran ən ümdə vəzifə müstəqil dövlətə nail olmaqdır. Lakin azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətli və mürəkkəbdir. Bunun üçün hər bir dövlətin özünün suverenliyi və ərazi bütövlüyünü qoruması onun güclü ordu quruculuğundan asılıdır. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində ölkəmizdə Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Ulu öndər deyirdi: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.

Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.



Hatəm İbrahimov,
Xeyriyyəçi-İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ