2015-ci ildə ölkəmizdə baş verən devalvasiyadan sonra müxtəlif dövrlərdə həm qiymət artımı, həm də müəyyən inflyasiyanın baş verməsi əhalidə manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı narahatlıq doğurur.
Həmin dövrdəki devalvasiyalar nəticəsində banklar, sığorta şirkətləri ziyan gördü, eyni zamanda dollarla götürülən kreditlərin ödənilməsində problemlər yarandı.
2015-ci il fevralın 21-də həyata keçirilən ilk devalvasiyada dolların məzənnəsi 34,6 faiz artaraq 0,78 manat səviyyəsindən 1,05 AZN, həmin ilin dekabrın 21-də isə daha 48 faiz artaraq 1,55 AZN-ə çatdı. Növbəti dövrdə isə dolların məzənnəsində artım tempi davam edərək göstərici 12 faiz təşkil etdi. Bir il ərzində baş verən iki devalvasiyanın əsas səbəbi isə əmtəə bazarında neftin kəskin ucuzlaşması idi. Dörd ildən çoxdur manatın məzənnəsi sabit olsa da, hazırda dünyadakı geosiyasi, geoiqtisadi vəziyyət fonunda milli valyutanın məzənnəsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür.
Devalvasiyaya səbəb olan əsas amil neftin dünya bazarındakı qiyməti hesab olunsa da, hazırda neftin qiyməti ilə bağlı vəziyyət gözləniləndən də yaxşıdır. Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları nəzərdə tutulsa da, mövcud qiymətdə 2 dəfədən çox artım müşahidə olunmaqdadır. Bununla yanaşı, dünya bazarında ərzaq məhsullarının qiymətinin artması məhsulların ölkəyə gətirilməsi zamanı inflyasiyanın da artmasına şərait yaradır. Ölkədə qiymət artımı milli valyutanın sabit qalıb-qalmayacağı ilə bağlı suallar ortaya çıxarır. İqtisadçılar isə hesab edirlər ki, qlobal miqyasda baş verən proseslərdən yayınmaq o qədər də asan deyil.
Qlobal səviyyədə qiymət artımı Azərbaycana da təsir edir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər sabit və dinamikdir.
Deputatın sözlərinə görə, qlobal bazarda baş verən mənfi tendensiyaların təsirlərinə baxmayaraq, ölkədə iqtisadi inkişaf göstəriciləri nikbin düşünməyə əsas verir. 2022-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifahının daha da yüksəldilməsi təmin edilib. Ötən 3 ay ərzində ümumi daxili məhsul 6,8 faiz, iqtisadiyyatın qeyri-neft sektoru 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çoxdur.
Aydın Hüseynov qeyd edib ki, hazırda qlobal səviyyədə ərzaq və digər malların qiymətləri artır və bu proseslər dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edir:
“Qiymət artımları bütün ölkələrdə baş verir. Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesabatını açıqladı və məlum oldu ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artıb və qiymət indeksi 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb. Son artım bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxılın qiymətləri 70 faiz artıb ki, bu da 1990-cı ildən bəri rekord göstəricidir”.
