Sizin reklam burada
Sizin reklam burada

Qalib ordunun Ali Baş Komandanı

Qalib ordunun Ali Baş Komandanı


Tarixdə zaman-zaman münaqişələr, müharibələr baş verib. Bəzən ən igid, döyüşkən xalqların da əzəli torpaqları düşmən işğalına məruz qalıb. Xalqın böyüklüyü mübarizlik əzmini qorumasında, heç zaman işğalla barışmamasında, daim döyüşə hazır olmasındadır. Çünki döyüş ruhu qələbəyə zəmin yaradır. Haqqın, ədalətin sonunda yenə qalib gələcəyinə inamı yaşatmaq isə zəfərin başlanğıcıdır.

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələri XX əsrin sonuncu onilliyində işğal etdiyi torpaqlarımıza bizi həsrət qoydu. Məkrli və qəddar düşmən öz bəd əməlindən çəkinməsə də, Azərbaycan dövləti humanistlik göstərdi. Münaqişəni sülh yolu ilə həll etməyin tərəfdarı olduğunu bütün dünyanın gözü qarşısında hər zaman nümayiş etdirdi. Ancaq beynəlxalq təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Nəticədə, Ermənistan işğal altında saxladığı ərazilərimizi viran qoymaqdan, bütün tikililəri, eləcə də tarixi-mədəni, dini abidələrimizi dağıtmaqdan, yerlə yeksan etməkdən çəkinmədilər.

Azərbaycan xalqı hər zaman dövlətinin başçısı, Ali Baş Komandanı İlham Əliyevin əmrini gözlədi. Prezident İlham Əliyev ən yüksək kürsülərdən dönə-dönə bəyan etdi ki, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq. Lazım gələrsə, döyüş yolu ilə ərazilərimizi erməni işğalçılarından geri alacağıq. Azərbaycan Prezidentinın öz çıxışlarında sərt şəkildə: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” deyə bəyan etməsi hər bir azərbaycanlının ürəyindən oldu.

Bu illər ərzində öz torpaqlarını geri qaytarmaq uğrunda mübarizə aparan Azərbaycan dövləti daha da qüdrətləndi. Ancaq bütün sahələrdə Ermənistandan güclü olduğunu bilə-bilə müharibəyə başlamadı. Ötən il sentyabrın 27-də Ermənistan dövləti sülh istəmədiyini, təxribatlardan əl çəkməyəcəyini bir daha sübut etdi. Həmin günün səhəri Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu.

O gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək bu hücumun erməni faşizminin növbəti təzahürü olduğunu bəyan etdi. Dövlət başçısı düşmənin işğalçı siyasətini vurğuladı: “Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir”.

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Dövlət başçısının çıxışının sonunda dilə gətirdiyi bu sözlərdə ifadə olunan zəfərimizə inam çox böyük və sarsılmaz idi. Xalqda o anlardaca əminlik yarandı ki, yağı düşmənin başladığı bu müharibə haqqın qələbəsi ilə başa çatacaq, qalibiyyət Azərbaycanın olacaq!

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Dərhal minlərlə azərbaycanlı vətən torpağının işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində iştirak etmək üçün hərbi komissarlıqlara müraciət etdi.

44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri yenə müharibə cinayətləri törətdilər. Döyüş meydanında qorxaq olduqlarını, Azərbaycan əsgərlərindən çəkindiklərini gizlədə bilmədilər. Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan düşmən nəinki cəhbəyə yaxın, hətta uzaq məsafələrdə yerləşən ərazilərimizdə yaşayan günahsız insanlarımızı hədəfə aldı, onları öz evlərində qanlarına qəltan etdilər. Düşmən hər hiyləyə əl atdı. Amma məqsədinə nail ola bilmədi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, Azərbaycan xalqının öz rəhbərinə inamı, özünə hörməti, humanistliyi nəticəsində dünyanın gözləri önündə möhtəşəm bir tarix yazıldı.

Vidadi Rəhimov
İsmayıllı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ