Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ölkəmizin diplomatik tarixinin ən mühüm sənədlərindən biri kimi qiymətləndirilməlidir. İki dövlət arasında 300-dən çox razılaşmanın imzalanmasına baxmayaraq, öz əhəmiyyətinə görə Şuşa Bəyannaməsi fövqəladə önəm daşıyır.
Birinci və ən mühüm simvolik məqam ondan ibarətdir ki, Bəyannamə otuz ilə yaxın bir müddətdə işğal altında olmuş və 44-günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbənin nəticəsində düşməndən təmizlənən və ümumilikdə Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşa şəhərində imzalanıb. Bu mühüm hadisə möhtərəm cənab Prezident İlham Əliyevin hərbi-siyası strategiyasının təntənəsinin növbəti parlaq nümunəsi oldu.
Belə bir sənədin imzalanmasının 15 iyun - Milli Qurtuluş günü və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi çox ciddi rəmzi məna daşıyır. Unutmaq olmaz ki, 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə Respublikası 100 ildən sonra Şuşa Bəyannaməsinə imza atmaqla ilk növbədə Azərbaycanın, və ümumilikdə mürəkkəb bir regionun təhlükəsizliyinə qarant qismində çıxış etdi. Fərəhləndirici haldır ki, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş bölgəyə səfər edən ilk xarici dövlət başçısı olmuşdur və bu fakt Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir.
Uzun illərdən bəri iki dost və qardaş dövlətlər arasında mövcud olan strateji münasibətlər və bütün sahələrdə sıx əməkdaşlıq keyfiyyətcə ən mükəmməl formata qədər – müttəfiqlik münasibətlərinədək yüksəlmişdir. Nəzərə almaq lazımdır ki, bu cür yeni münasibətlər arxitekturası kompleks şəkildə təhlükəsizliyinin təmin edilməsində, iqtisadi inkişafın və regional iqtisadi inteqrasiya proseslərinin surətləndirilməsində mühüm rol oynayacaq.
Şuşa Bəyannaməsinin müasir beynəlxalq hüquq kontekstində dəyərləndirilməsi birmənalı olaraq nümayiş etdirir ki, Azərbaycan və Türkiyə universal beynəlxalq səviyyədə təşəkkül tapmış fundamental hüquq prinsiplərinə - ərazi bütövlüyü, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqdirlər. Bəyannamə bu prinsipləri ön plana çəkərək, eyni zamanda, gələcəkdə onun Tərəflərinin hər hansı birinin siyası müstəqilliyinə, suverenliyinə və ya təhlükəsizliyinə qarşı yarana biləcək istənilən təhdidlərin qarşısının alınması üçün biri-birinə yardım göstərilməsini nəzərdə tutur. Azərbaycan və Türkiyənin belə bir mövqeyi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təşəkkül tapmış məqsəd və prinsiplərə tamamilə uyğundur və nəticə etibarı ilə, Şuşa Bəyannaməsi regionda yeni təhlükəsizlik konfiqurasiyasının formalaşması üçün hüquqi platforma rolunu oynayacaqdır. Azərbaycan Respublikası hər hansı bir dövlətə qarşı heç zaman ərazi iddiaları irəli sürməmiş, beynəlxalq sülhün və dayanıqlı sabitliyin tərəfdarı olaraq, eyni zamanda heç bir dövlətə imkan verə bilməz ki, onun milli maraqlarına və təhlükəsizliyinə qarşı çıxsın. Ermənistanda baş qaldırmaq istəyən revanşıst qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan əbədi olaraq onların xam xülyalarına son qoymuşdur və istənilən təhlükəni anında dəf etmək gücündədir.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, qlobal müstəvidə beynəlxalq birliyin ciddi narahatlığına səbəb olan - terrorçuluq və onun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya problemləri ilə mübarizədə Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əməkdaşlığını gücləndirəcək və dərinləşdirəcək. Birmənalı olaraq bu cür səylər transmilli mütəşəkkil cinayətkarlığla milli, regional və beynəlxalq səviyyədə aparılan mübarizəyə ciddi töfhə verəcəkdir.
Maraqlıdır ki, 4 dekabr 2020-ci ildə ATƏT-in iştirakçı-dövlətlərinin xarici işlər nazirlərinin Şurası “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığın möhkəmləndirilməsi haqqında” Deklarasiya qəbul edərək, milli və beynəlxalq səviyyədə birbaşa əlaqələrin inkişafının, qabaqcıl təcrübə və məlumat mübadiləsinin mühüm əhəmiyyətini vurğulamışdır. Bu mənada Şuşa Bəyannaməsi müxtəlif sahələrdə, və həmçinin cinayətkarlığın qarşısının alınması da daxil olmaqla, ciddi problemlərinin həlli üçün mükəmməl çərçivə sənədidir.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
hüquq elmləri doktoru