Bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Hər birimiz ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq.
Həmin ağxalatlı peşə sahiblərindən biri Sevda Qaçayevadır.
O, 43 ildir ki, feldşer işləyir:
“Gəncədə orta tibb ixtisası təhsili almışam. Oranı bitirdikdən sonra təcili tibbi yardım stansiyasında feldşer kimi çalışıram. Hazırda Tərtər Rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım şöbəsinin feldşer kimi işləyirəm. Mən işimi sevərək yerinə yetirirəm. Ölkə ərazisində olan müharibələr dövründə yaralıların sağalması üçün çalışmışam.
1991-ci ildə müharibə zamanı Tərtər ərazisində bir sutka mühasirədə qaldıqdan sonra məni ordan çıxarıblar”.
O qeyd edib ki, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində də xidmət edib:
“Mən həmin gün iş növbəm bitdiyi üçün evə qayıtmışdım, xəbər gəldi ki, müharibə başlayıb. Mən 44 gün ərzində gecə-gündüz çalışmışam.
Bu, mənim tibb işçisi, vətəndaş kimi borcumdur. Yaralıları Ağdama, Bərdəyə 350 yaralı və xeyli sayda meyit daşımışam. Ara kəsilmədən döyüşlər gedirdi, mən bir şey düşünürdüm ki, hansı yolla olsa da, yaralıları daşımalıyıq.
Yaralılar mənə deyirdi ki, bizi xəstəxanaya aparma, döyüşməliyik. Mən də deyirdim ki, sağalın, yenə də döyüşərsiniz. Yaralanıb, sağalanlar gəlib mənə təşəkkür ediblər”.
S.Qaçayeva “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı tərəfindən təltif olunub.