2021-ci ilin may ayında Azərbaycandan 10 ölkəyə xam neft və neft məhsulları ixrac olunub.
Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, may ayında Azərbaycanın neft ixrac etdiyi ölkələrin sırasına Kanada da daxil olub.
Ümumilikdə ilin dörd ayı ərzində ölkəmizdən 11 milyon 921,2 min ton həcmində (4 milyard 927,2 milyon dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib. İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azalsa da, ixracdan əldə edilən gəlirlər isə cəmi 2,8 faiz azalıb. İxrac həcmindən fərqli olaraq gəlirlərin böyük həcmdə azalmamasına səbəb xam neft və neft məhsullarının dəyərinin ötən illə müqayisədə artmasıdır.
Ümumi ixrac həcminə nəzər saldıqda, İtaliyaya - 5 milyon 982,9 min ton (2 milyard 449 milyon 857,6 min dollar dəyərində), Hindistana - 845 min 590,5 ton həcmində (346 milyon 185,4 min dollar dəyərində), İspaniyaya 865 min 947,2 ton (338 milyon 981,8 min dollar dəyərində) məhsul satılıb.