Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 60 qanunda əlilliklə bağlı maddələrə dəyişiklik layihələri müzakirə edilib.
Oxu.Az-ın məlumatına görə, komitə sədri Musa Quliyev bildirib ki, qanunlara dəyişikliklər 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun və onun tətbiqi ilə bağlı Prezidentin fərmanının icrası ilə əlaqədardır.
Burada əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilərək onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadə olunmasına keçiddir.
“Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir”,-deyə M.Quliyev əlavə edib.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə ətraflı məlumat verib.
O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-nin müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur.
Şöbə müdiri dəyişikliklərin əlillik təyinatının daha obyektiv aparılmasına təminat verdiyini vurğulayıb, onların hazırlanması prosesində təhlil edilmiş qabaqcıl beynəlxalq təcrübələrdən danışıb.
Dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub.