Sizin reklam burada
Sizin reklam burada

Adil Aslanov: “Ermənilər qəsdən minaları qeyri-standart şəkildə düzüblər” - FOTO

Adil Aslanov: “Ermənilər qəsdən minaları qeyri-standart şəkildə düzüblər” - FOTO



Bu günlərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkənin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi üçün genişmiqyaslı əməliyyat keçirir. Bu iş çox çətin şərtlərdə aparılır. Belə ki, erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtina edərək, bərpa prosesinə hər vasitə ilə mane olur. Halbuki, minalardan həm azərbaycanlılar, həm də ermənilər, hətta 10 noyabr tarixində imzalanmış üçtərəfli sazişdən sonra ölkəmizin ərazisində olan sülhməramlılar da əziyyət çəkirlər.

Beynəlxalq mina təhlükəsizliyi sahəsində maariflənmə və minalardan təmizlənməyə yardım günü ərəfəsində Caliber.Az ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanovla söhbətləşib.



Ekspert bildirib ki, təmsil etdiyi qurum ikinci Qarabağ müharibəsindən sonra nəhəng minalanmış bir ərazi ilə qarşılaşıb:

“30 ilə yaxın idi ki, torpaqlarımız erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsindən sonra nəhəng minalanmış ərazi ilə qarşılaşdıq. Düşmən təxminən otuz ildir ki, piyada və tank əleyhinə minaları yerə basdırır və bunu xaotik şəkildə edirdi. Minaların təmizlənməsi işləri zamanı biz çox sayda müxtəlif hərbi mərmi və sursatlar aşkar edirik. Ermənilər bizə minalanmış ərazilərin xəritələrini vermək istəmirlər və bunu bilərəkdən edirlər. Həqiqət budur ki, onlar qəsdən minaları qeyri-standart şəkildə düzüblər. Bir qayda olaraq, kvadratmetrə maksimum iki mina qoyulur. Biz isə əraziləri təmizləyərkən hər kvadratmetrə dörd-altı mina tapırıq. Bunun heç bir normal izahı yoxdur”, - deyə A.Aslanov bildirib.

Mütəxəssis Ermənistan tərəfində mina sahələrinin xəritələrinin olmaması ehtimalını mümkün saymır. Onun fikrincə, düşmən uzun müddət ərazilərimizi işğal altında saxlayıb, orada mövqelər qurub. Odur ki, ən azı öz təhlükəsizliyini təmin etmək məqsədilə mütləq belə xəritələr tərtib etməli idi:

“Hərçənd, ermənilər ikinci Qarabağ müharibəsi zamanı torpaqlarımızı tələsik tərk edərək yolları və infrastrukturu minaladılar ki, biz mümkün qədər çox problemlə qarşılaşaq. Əlbəttə ki, bu cür hərəkətlər beynəlxalq normaları və 10 noyabr 2021-ci il tarixli üçlü sazişin müddəalarını kobud şəkildə pozur. Əslində döyüş əməliyyatları bitdikdən sonra tərəflər minalanmış ərazilərin xəritələrini təqdim etmək məcburiyyətindədirlər ki, insanların həyatına təhlükə yaranmasın. Amma ermənilər bunu etmək istəmirlər”, -deyə mütəxəssis qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ