Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırıb. Erməni mətbuatında yer alan məlumata görə, T.Xaçatryanın "İskəndər" taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ saldığı bildirilir.
Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan liderinin saytında məlumat yayılıb.
"Baş nazirin Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifəsindən azad edilməsi təklifinə əsasən", - deyə rəsmi saytda yerləşdirilmiş sərəncamın mətnində qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl N.Paşinyan "1in.am" saytına verdiyi müsahibəsində ötən payızda Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı "İskəndər" taktiki raket komplekslərindən istifadə edilməsi və onun "partlamaması" və ya "10% partlaması" barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş prezident Serj Sarqsyanın "hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin "İskəndər"dən istifadə etməli olduğuna" dair ittihamına cavab vermişdi.
Bundan bir qədər sonra "yerevan.today" onlayn-resursu öz yazısında bildirib ki, T.Xaçatryan, Paşinyanın da dediyi kimi, "İskəndər" raketinin doğrudanmı 10% partlaması ilə bağlı suala istehza ilə cavab verib: "Əlbəttə mümkün deyil... Necə?... "İskəndər"?... Bir atəş?... 10%?... Bağışlayın, amma bu qeyri-ciddidir".
Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar.