15 sentyabr – Bilik günü münasibətilə Abşeron rayonu Hökməli qəsəbəsində yeni inşa olunmuş tam orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib.
Açılışda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.
Çıxış edən Elm və Təhsil nazirinin müavini İdris İsayev ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə yüzlərlə müasir məktəbin istifadəyə verildiyini diqqətə çatdırıb, Hökməli məktəbinin də şagirdlərə geniş imkanlar yaradacağını bildirib.
Daha sonra söz Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə verilib. O, Abşeron rayonunda təhsil infrastrukturunun sürətlə inkişaf etdiyini vurğulayıb, yeni məktəbin istifadəyə verilməsinin şagirdlərin tədris şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcəyini qeyd edib.
Ardınca çıxış edən “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə təhsilin hər bir sahədə tərəqqinin əsası olduğunu bildirib, müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək şagirdlərə dərslərində uğurlar arzulayıb.
Müasir standartlara uyğun inşa edilən məktəb binası 1200-dən çox şagird yerlikdir. Təhsil ocağında laboratoriyalar, İKT kabinetləri, kitabxana, idman zalları, açıq idman meydançaları və inklüziv təhsil üçün xüsusi otaqlar yaradılıb.
Yeni məktəbin istifadəyə verilməsi bölgədə şagird sıxlığının azaldılmasına, eyni zamanda tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək
