Müəllim-Bu kəlmə insanın yaddaşında işıq, ümid, qayğı və müdrikliklə assosiasiya olunur. Cəmiyyətin sabahı müəllimin bu günkü davranışından asılıdır. Çünki şagirdin ilk gördüyü nümunə valideynlə yanaşı müəllimdir. Onun sinifdə bir baxışı, dediyi bir kəlmə, hətta sakitliyi belə uşaq qəlbində iz buraxır.
Müəllim davranış modeli təkcə dərs keçmək bacarığı ilə ölçülmür. Bu model şagirdin üzünə gülümsəmək, ona inam aşılamaq, səhvini danlamaq əvəzinə düz yola yönəltmək, hər birini ayrı bir şəxsiyyət kimi qiymətləndirməkdir. Müəllimin ədaləti şagirdin ədalət duyğusunu, müəllimin hörməti şagirdin hörmətini, müəllimin sevgisi isə insanlara sevgi hissini formalaşdırır.
Ruhlandırıcı müəllim davranış modeli həm də daim öyrənməyə açıq olmaqdır. Müəllim yalnız bilik verən deyil, həm də öyrənən insandır. Texnologiyanın, dəyişən dünyanın çağırışlarına ayaq uyduran müəllim şagirdlərinə göstərir ki, öyrənmək ömür boyu davam edən yoldur. Onun hər yeni addımı uşaqlara bir mesajdır: “Sən də bacararsan!”.
Müəllimin davranışı sinif otağını aşır, məktəbin divarlarından kənara da yayılır. Cəmiyyətdə mədəniyyət, sadəlik, dürüstlük nümayiş etdirən müəllim gənc nəsil üçün həyatın canlı dərsliyinə çevrilir. Sosial şəbəkədəki münasibəti, küçədəki davranışı belə şagirdlərə nümunədir.
Əslində, müəllimin davranış modeli gələcəyin açarıdır. O açar qəlbləri açır, düşüncələri işıqlandırır, millətin sabahına işıq salır. Bir müəllimin davranışı yüzlərlə şagirdin taleyində yeni yollar açır.
Unutmayaq: hər müəllim davranışı ilə gələcəyin qəhrəmanlarını yetişdirir. Və hər bir şagirdin uğur hekayəsinin başlanğıcında bir müəllim dayanır.
ÜLVİ OSMANLI
İsmayıllı şəhəri Talıstan liseyinin direktor müavini,
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü
