Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 24 noyabr 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcək.
Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin strukturuna daxil olan rayon (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər:
1.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
4.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak etmək üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;
5.Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;
Sənəd qəbulu iş günləri ərzində saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.
Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanında iştirak edəcək. Rus bölməsi üzrə təhsil almış şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən də imtahan verəcəklər.
Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanacaq. İmtahanlarda uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Əlavə sualı olan vətəndaşlar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (“146-0-2”) əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.
Qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat qaydasında imtahanlarda iştirakı təmin edilməyəcək.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim