Oktyabrın 4-də Yevlax şəhər B.Səfəroğlu adına Xalq Teatrında 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri, müəssisə rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbirdən öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Yevlax şəhər B.Səfəroğlu adına Xalq Teatrında başlayan Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözləri ilə açan idarə müdiri Elçin Kərimov regionun bütün müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb. İdarə müdiri müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurlu addımların atıldığını qeyd edib, eləcə də təhsilin inkişafı istiqamətində görülən mühüm işlər barədə danışıb. Çıxış edən Yevlax Şəhər İcra başçısının müavini Elnarə Əzizova ölkəmizin gələcəyi və inkişafı naminə vətənpərvər, layiqli vətəndaş yetişdirən müəllimlərə öz dərin təşəkkürünü bildirib və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Daha sonra tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib.
Sonda regionun bir qrup təhsil işçisi gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanlarla təltif olunub və daha sonra onlarla xatirə şəkli çəkdirilib.
#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #5Oktyabr #BeynəlxalqMüəllimlərGünü #Təltif